2583 şagirdin "Şəxsiyyət vəsiqəsi" yoxdur

2583 şagirdin "Şəxsiyyət vəsiqəsi" yoxdur

Azərbaycanda 2583 nəfər 9 və 11-ci sinif şagirdinin buraxılış imtahanında iştirakı üçün tələb olunan "Şəxsiyyət vəsiqəsi" yoxdur. Buna görə də həmin abituriyentlər buraxılış imtahanında iştirak etməyə bilərlər.

SİA-nın məlumatına görə, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Uşaqların daha çox valideynlərin səhlənkarlığı üzündən sənədsiz olduqlarını deyən komissiya sədri əlavə edib ki, ölkə üzrə buraxılış imtahanında iştirak etməli olan 535 nəfər 11-ci sinif şagirdinin "Şəxsiyyət vəsiqəsi" yoxdur: "Buna görə də onlar haqqında məlumat "Şagird-məzun" elektron bazasına daxil edilməyib"

TQDK sədri 9-cu sinif üzrə statistikanın daha pis olduğunu dilə gətirib. Onun sözlərinə görə, 2048 nəfər 9-cu sinif şagirdi haqqında məlumat "Şagird-məzun" bazasına daxil edilməyib.

M. Abbaszadə sənədi olmayan 9-cu sinif şagirdlərinin daha çox hansı rayonların payına düşdüyünü də açıqlayıb.

Komissiya sədri vurğulayıb ki, Bakının Sabunçu rayonunda 260, Suraxanı rayonunda 125, Bərdədə 122, Qaradağ rayonunda 108, Şəmkirdə 106 şagirdin buraxılış imtahanında iştirak üçün tələb olunan "Şəxsiyyət vəsiqəsi" yoxdur: "Buna görə də onlar buraxılış imtahanına buraxılmayacaqlar. Bizim problemimiz əsasən Azərbaycanda yaşayan xarici vətəndaşlarla bağlıdır. Bunlardan da daha çox problem yaşananları Gürcüstan vətəndaşlarıdır. Hələ ki, sənəd almaq üçün vaxt var. İmtahan günü isə bu problem həll olunmayacaq. Valideynlər övladlarının sənəd problemini həll etməlidirlər".

Sənədi olmayan şagirdlərin cinsi tərkibinə gəlincə isə TQDK sədri bildirib ki, ümumilikdə həm 9, həm də 11-ci sinif üzrə Sabunçu rayonunda 272 nəfər barədə məlumatlar "Şagird-məzun" elektron sisteminə daxil olmayıb: "Həmin şagirdlərin 164-ü oğlan, 108-i qızdır. Suraxanı rayonu üzrə 152 nəfər sənədsiz şagirdin 115-i oğlan, 37-si qız, Bərdə rayonunda 158 nəfər şagirdin 50-si oğlan, 108-i qız, Şəmkirdə 124 şagirdin 84-ü oğlan, 40-ı qızdır".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə