Bu ilin yayında Azərbaycan Dillər Universitetinin (ADU) Dil Xidmətləri Mərkəzi Avstriyanın Vyana şəhərində dil kurslarına (alman, ingilis və fransız dilləri üzrə) səfər təşkil edir. Bu kurslar həm Dillər Universitetin tələbələri, həm də başqa universitetdən olan tələbələrin marağına səbəb olub. Xatırladaq ki, bu cür səfərlərin hər il təşkil olunması planlaşdırılır. Mərkəz olaraq, o cümlədən Böyük Britaniyanın məşhur dil məktəbləri ilə danışıqlar aparılıb və sözügedən ölkəyə və bir neçə digər ölkələrə dil kurslarına səfərlər təşkil olunması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanda ön yerlərdən birini tutan və inkişaf sürəti ilə xarici universitetlərlə rəqabətə girə biləcək Azərbaycan Dillər Universiteti 2014-cü ilin fevral ayında yeni "Teach & Travel" (Dil Xidmətləri Mərkəzi) Mərkəzini yaratdı. Mərkəzin yaradılması ilə Azərbaycanda ilk dəfə olaraq 20 əcnəbi dilin ən yüksək səviyyədə tədrisi, xaricdə təhsil və səyahət, bütün növ şifahi və yazılı tərcümə xidmətləri, jurnalistika kursları, kompüter və dizayn kursları xidmətləri tələbələrin ixtiyarına verildi. Mərkəzdə universitetdə çalışan peşəkarlar, uzun illər ölkəmizdə və bir çox xarici ölkələrdə təcrübə qazanmış professor-müəllim heyəti ən son innovativ tədris üsullarından istifadə edərək tədris prosesini yüksək səviyyədə təşkil edir.
"Teach & Travel" Mərkəzinin müdiri Günel Məmmədova Mərkəzin fəaliyyəti, görülən işlər və digər məsələlər haqqında məlumat verərkən bildirmişdir ki, Mərkəzdə müxtəlif dillər, General English, İELTS, TOEFL proqramları üzrə dərslər keçirilir. O, Mərkəzdə ingilis dilinə müraicət edənlərin üstünlük təşkil etməsinə baxmayaraq, digər ölkələrin dillərinə də maraq olduğunu bildirdi. Mərkəzə müraciət edənlər arasında universitetimizin tələbələri ilə yanaşı, başqa universitetlərin də tələbələrinə rast gəlmək olar.
Fəaliyyətə başladığı üç ay ərzində Mərkəzdə müxtəlif tərcümə işləri görüldüyünü söyləyən G. Məmmədova Mərkəzin təşkilatçılığı ilə universitetin Tərcümə fakültəsinin müəllimləri tərəfindən Ədalət Tahirzadənin Aşurovlar Soyun adlı tarixi-sənədli kitabının Azərbaycan və rus dillərindən ingilis dilinə tərcüməsinin həyata keçirildiyini bildirdi. Onun sözlərinə görə, mart ayında universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidova təhsil sahəsində aparıcı "Pearson" şirkəti və eyniadlı dünyaca məşhur nəşriyyat evinin nümayəndələri məhz Dillər Univeristeti ilə əməkdaşlıq etmək niyyətlərini bildiriblər.
Şirkət tərəfindən Mərkəzlə tələbə kursa başlayandan bitirənə qədər bütün mərhələlər (dil səviyyəsinin müəyyənləşdirilmə testi, yeni proqramlarla tədris, kitablarla təchiz etmə, kursun sonunda səviyyə testi) üzrə əməkdaşlıq, həmçinin "Pearson Test of English" (Pearson ingilis dili testləri) rəsmi test mərkəzi kimi ADU-da həyata keçirilməsi olub. Britaniya Sərhəd Agentliyi və demək olar ki, Böyük Britaniyanın əksər universitetlərinin İELTS proqramı ilə yanaşı, Pearson Test of English qəbul olunmasını da nəzərə alaraq, bu istiqamətdə şirkətlə danışıqlar davam etdirilir. Mərkəzin təşkilatçılığı ilə Azərbaycan-Amerika Şurası ilə aparılan danışıqlar nəticəsində Conversation Club (Danışıq klubu) fəaliyyətə başlayıb. Gələcək perspektivlərdən biri kimi 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları zamanı məhz televiziya yayımı işinin təşkili ilə bağlı universitetin tələbələrinin işçi kimi fəaliyyət göstərəcəkləri nəzərdə tutulub və bu işlə bağlı tələbə bazasının yaradılması mərkəzimizə həvalə olunub.
Onu da nəzərə çatdıraq ki, Mərkəzin artıq turizm bölməsi də fəaliyyətə başlayıb. Belə ki, müxtəlif ölkələrə turlar, otel və biletlər artıq Mərkəzin Tur meneceri Ramil Səmədov tərəfindən təşkil olunur. "Teach & Travel" Mərkəzində kursları uğurla bitirən şəxslər sertifikatla təltif olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə