Məleykə Abbaszadədən xəbərdarlıq sənədləri olmayan imtahana buraxılmayacaq
"Hazırda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) buraxılış imtahanlarına hazırlıq işləri görür. Buraxılış imtahanlarından əvvəl hələ 2 sınaq imtahanı keçiriləcək. Mayın 25-i regionlarda sınaq imtahanı olacaq. Hələlik həmin sınağa yazılış davam edir. Sonuncu sınaq imtahanı isə bu ilin abituriyentləri üçün iyunun 1-də baş tutacaq. Bundan sonra buraxılış imtahanları start götürəcək". SİA-nın xəbərinə görə, bunu TQDK sədri Məleykə Abbaszadə bugünkü mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, IX və XI sinif şagirdləri üçün iyunun 8-i, 13-ü, 18-i və 24-də hər rayonda buraxılış imtahanı olacaq: "Bununla bağlı şagird-məzun bazasının yenilənməsində geniş iş aparılır. Sənədləri olmayan şəxsləri buraxılış imtahanına buraxmayacağıq. Dövlət tərəfindən verilən sənədləri vaxtında əldə etmək lazımdır. Rayon icra hakimiyyətləri ilə danışıqlar aparmışıq ki, birinci dəfə şəxsiyyət vəsiqəsi alan şagirdlərə köməklik göstərsinlər".
TQDK sədri onu da vurğulayıb ki, ölkə üzrə olan siyahıya əsasən imtahanlarda 200 min 576 nəfər iştirak edəcək: "Bura həm IX, həm də XI sinif şagirdləri daxildir. Bu günə qədər 197 min 165 nəfər şəxsiyyəti təsdiqlənib. Ümumilikdə isə 3151 nəfərin sənədləri yoxdur. XI sinif şagirdlərindən buraxılış imtahanında iştirak etmək üçün 650 nəfərin sənədi yoxdur. IX sinif üzrə buraxılış imtahanında iştirak edəcək 2538 şagird haqqında məlumatlar oxuduqları orta məktəb tərəfindən şagird-məzun bazasına daxil edilmədiyinə görə, onların aqibəti məlum deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB