SABAH qrupuna tələbələrin qəbulu ilə bağlı qeydiyyata start verilib. SİA-nın xəbərinə görə, bununla bağlı Təhsil Nazirliyində (TN) mətbuat nümayəndələri üçün konfrans keçirilib. Mətbuat konfransında ilk olaraq çıxış edən nazirliyin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, qruplar Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində yaradılacaq, dərs deyən müəllimlər isə əsasən ali təhsil müəssisələrindən seçiləcək.
Onun sözlərinə görə, SABAH qrupunda təhsil almaq üçün indiyə qədər 70 müraciət daxil olub: "Bu tələbələr üçün fərqli mühit, fərqli şərtlər və fərqli gələcək təmin ediləcək. Bu gün ali təhsildə fərqli mühitin yaradılmasına böyük ehtiyac var. Biz çalışırıq ki, Respublika üçün xaricdə kadr hazırlığını tədricən Azərbaycan ali təhsil müəssisələrində təşkil edək və bununla da tədrisin səmərəliliyini yüksəldək".
Daha sonra Nazirliyin aparat rəhbərinin müavini Yaqub Piriyev qeyd edib ki, SABAH qruplarına seçim Azərbaycan respublikasında fəaliyyət göstərən 33 ali təhsil müəssisələrinin (xüsusi təyinatlılar istisna olmaqla) birinci kursunda müvəffəqiyyətlə təhsil alan, fənlər üzrə göstəricisi 61-dən yuxarı olan tələbələrdən seçiləcək: "Mövcud 8 ixtisas qrupundan 5-i üzrə seçiləcək. Bunlar təhsil, təbiət, humanitar və sosial, iqtisadiyyat və idarəetmə, texniki və texnoloji ixtisas qruplarıdır. SABAH qruplarına seçim bu ixtisas qruplarına daxil olan 52 ixtisas üzrə 1300-ə yaxın tələbə oxuyacaq".
Y. Piriyev onu da deyib ki, SABAH qruplarında xarici dil biliklərinə ciddi diqqət yetiriləcək, ixtisas dərslərinə daha çox diqqət ayrılacaq və tədris fərqli üsullarla aparılacaq, həmçinin dərslərin bir hissəsi xarici dildə tədris olunacaq: "Xarici universitetlərdən mütəxəssislər dəvət olunacaqlar. Onlar əsasən xarici dil dərslərinin və ixtisas fənlərinin xarici dildə tədrisinə cəlb olunacaq".
Qruplarda təhsil alan az təminatlı ailələrin uşaqları üçün yataqxana ilə təmin olunacağını deyən Aparat rəhbərinin müavini onu da vurğulayıb ki, bu gün ali məktəblərinin yataqxanası yoxdur: "Ancaq Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Damla" yataqxanası Təhsil Nazirliyinin balansında olduğuna görə orada təmir işləri aparılacaq və 300 tələbə yerlə təmin olunacaq".
Təhsil Nazirliyinin tələbələrə dəstək və mübadilə proqramı sektorunun müdiri Sülhəddin Gözəlov vurğulayıb ki, qruplara sənəd qəbulu mayın sonuna kimi davam edəcək: "İyunun 1-dən 15-dək isə müsabiqə və müsahibə mərhələsi başlayacaq. SABAH-ın tələbələri elmi-pedaqoji potensialı və tədris-laboratoriya bazası yüksək səviyyədə olan universitetlərdə təhsil alacaq. TN tərəfindən hazırda müəyyən olunmuş 8 ali təhsil müəssisəsində -BDU, ADİU, AzTU, AzMİU, ADNA, ADPU, ADU, BSU tələbələr təhsil alacaqlar. Bu məzunların diplomları adi qruplarda təhsil alan tələbələrin diplomu ilə eyni olacaq, lakin diploma əlavələr fərqlənəcək".
SABAH qruplarına bölgə universitetlərindən qəbul olan tələbələrin yataqxana və yeməklə təmin olunacağını deyən sektor müavini əlavə edib ki, lakin bu yerlər məhduddur: "Qruplara qəbul olan tələbələr baza ali təhsil müəssisəsinə mərkəzləşdirilmiş formada köçürüləcəklər və müvafiq olaraq bu ali təhsil müəssisəsinin diplomunu alacaqlar".
Qeyd edək ki, SABAH qruplarında təhsil almaq istəyən tələbələr sabah.edu.az (http://sabah.edu.az/az/qaydalar) saytına müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB