ABŞ-da Azərbaycanla bağlı müsabiqə keçirilib

ABŞ-da Azərbaycanla bağlı müsabiqə keçirilib

Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Hyuston Azərbaycan Mərkəzi və Hyuston Universitetinin Enerji Assosiasiyası ilə birlikdə təşkil etdiyi Azərbaycanın enerji siyasətinə həsr olunan müsabiqənin yekun tədbirində iştirak edib.

Məktəbdən SİA-ya verilən xəbərə görə, müsabiqədə müxtəlif universitetlərin tələbələri həm komanda şəklində, həm də fərdi surətdə iştirak ediblər. Onların qarşısında "Azərbaycan enerji sənayesinə nə cür qlobal təsir göstərə bilər?" mövzusunda təqdimatlar hazırlamaq tapşırığı qoyulub.

Amerikada təhsil alan müxtəlif ölkələrdən gələn tələbələr Azərbaycanın tarixi, dövlətin siyasəti, iqtisadiyyatı, biznes fəaliyyəti, ekologiyası və texnologiyaları ilə bağlı araşdırmalar aparmalı və təqdimatlarını məruzə etməli idilər. Bu təqdimatların qiymətləndirilməsinə isə ekspert kimi Hyustonda işləyən azərbaycanlı mütəxəssislər cəlb olunublar.

Tədbirin əvvəlində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Amerika universitetlərinin tələbələrinin Azərbaycanla bağlı araşdırmalara maraqlarının təqdirəlayiq olduğunu bildirib, ölkəmizin dünya iqtisadiyyatında və siyasətində rolundan danışmış, onun Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını diqqətə çatdırmış və müsabiqə iştirakçılarına uğurlar arzulayıb.

Müsabiqənin qalibinə pul mükafatı təqdim olunacaq və o, Azərbaycana səfər edəcək. Elə həmin gün Enerji Asossiasiyasının rəhbəri Mark Dear ilə müzakirələr aparılıb və hər iki tərəfin tələbələrin iştirakı ilə birgə layihələrin həyata keçirilməsi haqqında razılıq əldə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə