ADU-da “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda konfrans keçirilir
Azərbaycan Dillər Universitetində (ADU) "Xarici dillərin tədrisinin aktual problemləri" mövzusunda Respublika elmi-praktiki konfransı öz işinə başlayıb. ADU ictimaiyyətlə əlaqələr departamentindən SİA-ya verilən məlumata görə, əvvəlcə konfrans iştirakçıları universitetin foyesində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edərək gül-çiçək dəstələri düzüblər. Sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tələbələrin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.
Respublika konfransının plenar iclası Azərbaycanın Dövlət Himni ilə başlayıb. Konfransın plenar iclasında Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov konfrans iştirakçılarını salamlayaraq hər il ənənəvi olaraq keçirilən konfransın əhəmiyyətini qeyd edib. Rəhbərlik etdiyi universitetin Azərbaycanın təhsil sistemində özünəməxsus yer tutduğunu vurğulayan rektor burada gedən prosesləri yeni ideyaları inkişaf etdirmək, elmdə mütərəqqi fikirləri üzə çıxarmaq baxımından yüksək qiymətləndirib. Universitetdə prioritet istiqamətlərdən birinin müəllim peşəsini inkişaf etdirmək, müəllim yetişdirməklə bağlı təkliflərin irəli sürmək olduğunu söyləyən S. Seyidov bu məsələ ilə bağlı Azərbaycanın müxtəlif orta və ali məktəbləri ilə fikir mübadiləsi apardıqlarını bildirib. Rektor S. Seyidov Ümummilli Lider Heydər Əliyevin müəllimə, təhsilə və elmə verdiyi qiymətin əsas olduğunu vurğuladı: "Ümummilli Liderin siyasəti və prezidentimizin apardığı düzgün siyasət elm və təhsil istiqamətində də öz bəhrələrini verməkdədir".
Rektor Səməd Seyidov rəhbərlik etdiyi ali təhsil ocağının əsasının məhz 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı əsasında qoyulduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. O, Ümummilli Liderin Azərbaycanda xarici dillərin öyrənilməsində əvəzsiz xidmətlərinin olduğunu da deyib: "Dahi Şəxsiyyət Heydər Əliyevin bu addımı onun dahi, uzaqgörən bir şəxsiyyət olduğunu bir daha sübut edir ".
Universitetdə 20-ə yaxın əcnəbi dilin tədris olunduğunu bildirən rektor Səməd Seyidov ADU əməkdaşlarının bir sıra beynəlxalq tədbirlərdə, konfranslarda fəal iştirak etdiklərini bildirib. S. Seyidov ADU-nun Azərbaycanda xarici dil mütəxəssisləri hazırlayan əsas təhsil ocağı olduğunu diqqətə çatdırıb. O, universitetdə olan potensial və pedaqoji kadrlarının imkanlarının geniş və dərin olduğunu qeyd edib. Rektor Səməd Seyidov bildirib ki, Azərbaycan Dillər Universitetində İngiltərədən, Fransadan və digər ölkələrdən olan müəllimlər də çalışır. Rektor universitetdə 6000-dən çox tələbənin oxuduğunu, yeni tədris ilindən isə tələbə sayının 7000-ə çatacağını vurğulayıb. O, Təhsil naziri Mikayıl Cabbarovun ali məktəblərdə "Sabah" qruplarının yaradılması ilə bağlı atdığı addımı yüksək qiymətləndirib.
Elmi əsaslar üçün elmi mühitin yaradılmasının vacibliyini qeyd edən natiq konfransı məhz həmin elmi mühit kimi xarakterizə edib. Təhsil Nazirliyinin nümayəndəsinin də iştirak etdiyi konfransı açıq elan edən rektor konfrans iştirakçılarına uğurlar arzulayıb.
İki gün davam edəcək konfransın plenar iclasında Təhsil Nazirliyinin Elm və Ali təhsil şöbəsinin Tələbələrə dəstək və mübadilə proqramları sektorunun müdiri Sülhəddin Gözəlov çıxış edərək artıq ənənə halını alan əhəmiyyətli konfransda iştirak etməkdən məmnunluğunu ifadə edib. İnformasiya cəmiyyətində yaşadıqlarını deyən S. Gözəlov indiki dövrdə yalnız gənc nəslin deyil, orta nəslin də xarici dil bilməyinin vacibliyindən danışıb. S. Gözəlov xarici dil tədrisinin keyfiyyətinin yüksəldilməsi baxımından konfransın əhəmiyyətini vurğulayıb.
Daha sonra digər iştirakçıların da çıxış etdiyi konfrans bölmələrdə öz işini davam etdirir.
Qeyd edək ki, "Xarici dillərin tədrisində qlobal səriştə və qarşıya çıxan çətinliklərin aradan qaldırılması yolları", "Müxtəlifsistemli dillərdə dilin tədrisinin linqvodidaktik məsələləri", "Tərcümə fənninin tədrisində innovativ metod və yanaşmalar", "Xarici dillərin tədrisində İKT-dən istifadə yolları" bölmələrində müzakirələr aparılacaq və ümumilikdə 162 məruzə dinləniləcək. Mayın 8-də ADU-nun Heydər Əliyev adına muzey-lektoriyasında öz işini bölmə rəhbərlərinin hesabatları və yekun sənədin qəbul edilməsilə başa çatdıracaq.
Xatırladaq ki, "Xarici dillərin tədrisinin aktual problemləri" mövzusunda Respublika elmi-praktiki konfrans artıq 7 ildir ki, ADU-da ənənəvi olaraq keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB