"Təhsildə interaktiv texnologiyalar-2014" müsabiqəsinin qalibləri elan olundu

"Təhsildə interaktiv texnologiyalar-2014" müsabiqəsinin qalibləri elan olundu

Bu gün Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu "DYMO/Mimio şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyi "Smart Technologies" şirkəti ilə birgə Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş "İnteraktiv Texnologiyalar və müasir təhsil 2014" elmi-praktik konfrans çərçivəsində "Təhsildə interaktiv texnologiyalar-2014 müsabiqəsinin qalibləri elan edib.

SİA-nın məlumatına görə, tədbirdə çıxış edən İnstitutun direktoru Qulu Novruzov bildirib ki, müsabiqənin başlıca məqsədi interaktiv lövhələrdən istifadə etməklə yeni təlim texnologiyaları ilə işləyən təşəbbüskar müəllimlərin təcrübəsinin öyrənib, yayılması və bütövlükdə pedoqoji kadrların yüksəldilməsindən ibarətdir: "Müsabiqədə Respublikasının 5 şəhər və 23 rayonundan 315 nəfər müəllim, 17 fənn üzrə 308 işlə iştirak edib. Ən çox Bakı şəhərindən və Şəki rayonundan iş təqdim olunub. Bakı şəhərindən 219, Şəki rayonundan 36 iş təqdim olunub. Onlardan 70 riyaziyyat, 54 Azərbaycan dili və ədəbiyyat, 32 ingilis dili, 30 Tarix, 26 biologiya, 23 həyat bilgisi, 20 informatika, 53-ü isə digər fənlərdən olub".

Q. Novruzov əlavə edib ki, xüsusi yaradılan komissiya tərəfindən təqdim olunan işlər ekspertiza olunub: "Həmin işlərdən müxtəlif fənlər üzrə 12 iş finala çıxıb. Yerdə qalan işlərdən 12-si isə digərlərindən fərqləndiyinə görə müvafiq mükafata təqdim olunmasını komissiya məqsədə uyğun hesab edib".

Qeyd edək ki, konfransda finala çıxan 12 işin müəllifləri öz işlərini təqdim ediblər. Münsiflər heyətinin qərarı ilə 3 iş sahibi qalib elan olunub və diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə