Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bu gün Gülüstan Sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdləri, ilk peşə ixtisas və orta ixtisas təhsili müəssisələrinin şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarovun əmrinə müvafiq olaraq keçirilən müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olub.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş inşa müsabiqəsi artıq 8-ci dəfədir təşkil edilir. Onun sözlərinə görə, Respublika mərhələsinin iştirakçıları arasında 8 nəfər birinci yerə, 7 nəfər ikinci yerə, 11 nəfər üçüncü yerə layiq görülüb: "4-cü (həvəsləndirici) yer tutan 65 nəfər diplomla təltif olunub. 1-4-cü yerləri tutan 91 nəfərin inşa yazısı "Heydər Əliyev məktəblilərin gözü ilə" adlı kitabda çap edilib. Müsabiqənin respublika mərhələsində 119 nəfər iştirak edib. Onlardan 10 nəfəri VIII, 29-u X, 28-i XI sinif şagirdidir. İlk peşə ixtisas təhsili müəssisələrini 14 nəfər, orta ixtisas məktəblərini isə 9 nəfər təmsil edib. Mart ayında yekunlaşan inşa müsabiqəsində ölkəmizin bütün bölgələri təmsil olunub. Müsabiqənin rayon (şəhər) mərhələsində 17 mindən çox şagird iştirak edib".

Yeni Azərbaycan Partiyasının Sədr müavini, icra katibi, baş nazirin müavini Əli Əhmədov tədbirdə çıxışnda bildirib ki, artıq 10 ilə yaxındır ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş şagirdlər arasında təşkil olunan inşa yazı müsabiqəsi Azərbaycanda keçirilən ən möhtəşəm tədbirlərdən biridir: "Azərbaycan gəncləri hər il Ulu Öndər Heydər Əliyevin doğum gününü böyük vüsətlə qeyd etməklə, bu layihə çərçivəsində öz hörmət və sevgilərini ifadə edirlər. Bu, Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin dövlət və xalq qarşısında misilsiz xidmətlərinə verdiyi qiymətin ifadəsidir. Düşünürəm ki, illər keçdikcə dahi şəxsiyyət Heydər Əliyevin təməlini qoyduğu siyasət Azərbaycanın reallıqlarında özünü daha dəqiq və əzəmətlə ifadə etdikcə ölkə vətəndaşlarının Ulu Öndərə və onun əziz xatirəsinə, ideyalarına, irisinə hörməti daha da artır. Eynilə də Azərbaycanın gənc nəslinin, şagirdlərinin bu yarışda iştirak etməsi onların Ümummilli Lider Heydər Əliyevə olan məhəbbətini, sevgisini nümayiş etdirir".

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov fondun prezidenti Mehriban Əliyevanın salamlarını toplantı iştirakçılarına çatdırıb və qaliblərin hər birini təbrik edib.

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov çıxış edərək müsabiqənin qaliblərini təbrik edib, gənclərə Ümummilli Lider Heydər Əliyevin idealarının davamçıları olmağı arzulayıb.

Sonda müsabiqə qalibləri mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə