Təhsil Nazirliyi bölgələrə yeni texnika və avadanlıq göndərəcək

Təhsil Nazirliyi bölgələrə yeni texnika və avadanlıq göndərəcək

Bu gün Sumqayıt şəhərində Təhsil Nazirliyi tərəfindən ilk peşə ixtisas təhsil müəssisələri üçün alınan kənd təsərrüfatı texnikasının təqdimatı keçirilib. SİA xəbər verir ki, Təhsil Nazirliyinin əsaslı tikinti təchizat idarəsinin loqistika üzrə mütəxəssisi Samir Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, Rusiya, Belarus və Türkiyə istehsalı olan 30 adda 37 yeni texnika və avadanlıqlar bölgələrdə yerləşən təhsil müəssisələrində əyani vasitə kimi istifadə olunacaq.

Onun sözlərinə görə, hazırda ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatı sektorunun yüksək ixtisaslı kadrlarla təmin edilməsi prioritet istiqamətlərdən biridir: "Mövcud şəraitdə kənd təsərrüfatı sahəsinin inkişafında əyani və texniki vasitələrlə təlim keçmiş zəruri peşə vərdiş işlərinə, bilik və bacarıqlara yiyələnmiş ilk peşə ixtisası təhsili müəssisələrinin hazırlanması vacib amildir. Eyni zamanda texnika və avadanlıqlara malik olması ilk peşə ixtisas təhsili müəssisələrinə qanunvericiliyə uyğun olaraq əlavə maddi gəlir əldə etmək imkanı verir. Təhsil Nazirliyi kənd təsərrüfatının ixtisaslı kadrlara olan tələbatının daha dolğun ödənilməsi və müvafiq təhsil müəssislərinin maddi texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə başladığı işlər davam etdiriləcək. Bu istiqamətdə aparılan islahatların əsas məqsədi kənd təsərrüfatı üzrə ilk peşə ixtisas təhsili müəssisələrində kadr hazırlığı işinin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdan ibarətdir".

Daha sonra media nümayəndələrinə ilk peşə ixtisas təhsil müəssisələri üçün alınan kənd təsərrüfatı texnikası barədə məlumat verilib.

Qeyd edək ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə sonuncu dəfə müvafiq texnika avadanlıq, əyani və texniki vasitələr 25-30 il əvvəl verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə