"2014-2015-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə 38 111 plan yeri ayrılıb. Növbəti tədris ili üçün ali məktəblərə qəbul planı 3,95%, yaxud 1449 yer artıb". SİA xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müxtəlif hərbi və xüsusi təyinatlı məktəblər istisna edilsə, I qrupda plan yerlərinin sayında artım təxminən 4%, II qrupda təxminən 7%, III qrupda 0,5%, IV qrupda isə 0,8%-dir: "Qəbul planında dövlət sifarişli ixtisaslar üzrə plan yerlərinin sayı 1,26% artıb. Cari ildə I ixtisas qrupunda dövlət sifarişli ixtisaslar üzrə plan yerlərinin sayı 7% artıb, II qrupda 35% azalıb, III qrupda 7%, IV qrupda isə təxminən 8% artıb".
Məleykə Abbaszadə bildirib ki, yeni tədris ili üçün ali məktəblərə qəbul planı tərtib edilərkən Təhsil Nazirliyinin razılığı və universitetlərin xahişi ilə müəyyən ixtisaslarda rus və Azərbaycan bölməsi üzrə plan yerləri ayrı verilib: "Həmin ixtisaslarda rus və Azərbaycan bölməsi üzrə müsabiqə ayrı-ayrılıqda aparılacaq. Ötən il isə əksər ixtisaslarda müsabiqə birgə aparılıb. Onu da qeyd edim ki, builki qəbul imtahanlarında rus bölməsi üzrə müsabiqə vəziyyətinin və keçid ballarının aşağı olacağı gözlənilir".
Növbəti tədris ili üçün magistratura səviyyəsi üzrə 38 universitet üçün 6565 plan yerinin ayrıldığını deyən komissiya sədri diqqətə çatdırıb ki, qəbul planında qiyabi təhsil forması üzrə plan yerləri ayrılmayıb: "Növbəti tədris ili üçün magistratura səviyyəsi üzrə plan yerləri ötən illə müqayisədə azalıb. Lakin narahatlığa əsas yoxdur. Çünki ötən il 6964 plan yeri ayrılsa da, həmin yerlərə 5500 nəfər bakalavr qəbul olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB