Təhsil Nazirliyi məktəb direktorlarını cəzalandırdı

Təhsil Nazirliyi məktəb direktorlarını cəzalandırdı

"Təhsil naziri Mikayıl Cabbarov tərəfindən ölkənin bölgələrində vətəndaşlarla keçirilən qəbul zamanı səsləndirilən şikayətlər operativ araşdırılıb və lazımi tədbirlər görülüb". SİA xəbər verir ki, Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, aparılan araşdırma nəticəsində aşkarlanan nöqsanlarla bağlı Siyəzən rayon Təhsil Şöbəsinin müdirinə, şöbənin böyük məsləhətçisi və metodistinə töhmət verilib: "Tərtər rayon Evoğlu kənd orta məktəbinin direktor müavinin şikayəti əsasında tədris ocağında araşdırma aparılıb. Məlum olub ki, Tərtər rayon Evoğlu kənd orta məktəbinin direktoru ciddi nöqsana yol verib. Belə ki, IX və XI sinif şagirdlərinin davamiyyəti aşağı olsa da, bu barədə jurnalda qeydiyyat aparılmayıb. İşçilərə qeyri-qanuni əməkhaqqı hesablandığına və digər bu kimi nöqsanlara yol verdiyinə görə məktəbin direktoru vəzifəsindən azad edilib".

Qurum rəsmisi bildirib ki, Laçın rayon Ağgöl kənd orta məktəbində aparılan araşdırma zamanı müəyyənləşdirilib ki, müəllimlərin dərs planları düzgün tərtib edilməyib, sinif jurnallarında və şəxsi işlərində ciddi səhvlərə yol verib, əmək intizamına düzgün riayət olunmayıb: "İşinə səhlənkar yanaşdığına və təlim-tərbiyə işinin təşkilində yol verdiyi nöqsanlara görə məktəbin direktoru vəzifəsindən azad edilib".

Cəsarət Valehov deyib ki, Təhsil Nazirliyi tərəfindən bundan sonra da vətəndaşların müraciət və şikayətlərinin operativ araşdırılması məqsədilə işçi qrupları yaradılaraq müvafiq yerlərə ezam edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə