Azərbaycan İctimai-Siyasi Universitetində Ulu Öndərin 91-ci ildönümü ilə bağlı konfrans keçirilib
Azərbaycan İctimai-Siyasi Universitetində (AİSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilən "Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur" mövzusunda elmi konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib.
Tədbirdə ilk çıxış edən AİSU-nun rektoru, iqtisad elmləri doktoru, professor Rasim Nəbiyev "İnkişafın Heydər Əliyev modeli" mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Ümummilli Liderin həyat və fəaliyyətindən, ölkəmizin inkişafındakı müstəsna xidmətləri öz əksini tapıb. Həmçinin məruzədə müasir müstəqil dövlətimizin möhkəmlənməsində Ulu Öndərin tarixi xidmətləri, gənclərə olan qayğısı yer alıb.
Rektor çıxışı zamanı qeyd edib ki, bu gün biz Ümummilli Liderin uzaqgörən siyasi və iqtisadi fəaliyyətinin nəticəsində Heydər Əliyev ideyalarının təntənəsini yaşayırıq: "Dövlətçilik və azərbaycançılıq Ulu Öndərin həyat fəaliyyətinin əsas prinsiplərindən idi. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu və genişmiqyaslı islahatlar nəticəsində ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi, elmi-mədəni və digər sahələri sürətlə inkişaf etməyə başlayıb. Ümummilli Liderimiz Azərbaycanı və onun müstəqilliyini məhv olmaq təhlükəsindən xilas edib, ölkəmizdə ictimai-siyasi sabitlik bərpa olunub. Məhz Ulu Öndərin gənc müstəqil Azərbaycana rəhbərlik etdiyi həmin dövr dövlətçilik tariximizin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcı olub".
Tədbirin davamında söz alan akademik Teymur Bünyadov və Xalq Şairi Söhrab Tahir görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan elminin və ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərindən danışıblar.
Onlar Ulu Öndərlə bağlı unudulmaz xatirələrini bölüşüblər. Natiqlər fenomenal yaddaşa malik Heydər Əliyev şəxsiyyətini böyük insan, bacarıqlı diplomat, uzaqgörən siyasətçi, dünya şöhrətli ictimai-siyasi, dövlət xadimi və yüksək mənəvi keyfiyyətlərə malik bir şəxsiyyət kimi yüksək qiymətləndiriblər.
Konfransda həmçinin "Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır", "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" mövzularında məruzələr dinlənilib.
Sonda Ümummilli Lider Heydər Əliyevə həsr edilən musiqi nömrələri səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB