Şamil Vəlivev: "Jurnalistika ixtisası üzrə aparılan islahatlar uğurludur" MÜSAHİBƏ

Şamil Vəlivev: "Jurnalistika ixtisası üzrə aparılan islahatlar uğurludur" MÜSAHİBƏ

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyevin SƏS TV-yə müsahibəsi:

- Jurnalistika ixtisasına qəbul üçün qabiliyyət imtahanının keçirilməsində iştirak edən komissiyanın yaranmasını şərtləndirən amillər hansılardır?

- Öncə Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla, jurnalistika ixtisasına qəbul aparılarkən qabiliyyət imtahanının keçirilməsinə dəstək verən hər kəsə təşəkkürümü bildirirəm. Çünki bu dəstək nəticəsində ali jurnalistika təhsilində islahatlar aparılacaq. Bu isə bütövlükdə cəmiyyətimizdə informasiyalı mühitin yaradılmasına, xalqımızın daha mükəmməl, tam şəffaf informasiyaya malik olmasına səbəb olacaq. Peşəkar, günün tələblərinə uyğun kadr hazırlığı cəmiyyətin istəyidir. Komissiyanın yaradılmasında isə məqsəd bu ehtiyacların ödənilməsini təşkil etməkdir. Bu ildən etibarən magistratura səviyyəsinə qəbulda cəmiyyəti əhatə edən bütün ixtisaslar üzrə qəbula icazə verilir. Yəni bu ilə qədər yalnız humanitar sahə üzrə jurnalist qəbulu aparılırdısa, bu il qeyd olunan məhdudiyyət aradan qaldırılıb, bakalavrlara azad seçim haqqı verilib. Beləliklə, onlar təmsil etdikləri müxtəlif ixtisaslar üzrə magistratura səviyyəsində informasiya almaq, istehsal etmək və onu yaymaq üsullarına da yiyələnib cəmiyyəti daha yüksək səviyyəli informasiya ilə məlumatlandıra, müasir bilikləri cəmiyyətdə kütləviləşdirə bilərlər. Əgər informasiyalı vətəndaş cəmiyyətinə keçmək istəyiriksə, bütün bunlar çox zəruri məsələlərdir və bu mənada atılan addım şübhəsiz ki, öz bəhrəsini verəcək. Cari ilə qədər jurnalistika ixtisasında bakalavr səviyyəsi üçün qəbul imtahanı zamanı yazılı imtahan aparılmırdı. Bir sıra ölkələrdə, eləcə də şimal qonşumuz olan Rusiya Federasiyasında jurnalistika ixtisasına qəbulda yaradıcılıq müsabiqəsi adi ilə yazılı imtahan verilir, jurnalistikanın müxtəlif janrlarında yazılar yazılır və burada uğur qazananlar test imtahanlarında iştirak edirlər. Bu təcrübənin Azərbaycanda da tətbiq olunmasının əsas müsbət cəhətlərindən biri də odur ki, əvvəlcə bal yığıb yüksək ballı ixtisaslara qəbul ola bilməyən abituriyentlər "kəsilməmək" məqsədilə, bu ixtisası sevməsə belə, əgər balı çatırsa jurnalistika ixtisasını yazır və burada təhsil alırdılar. Müvafiq balı yığa bilməyən, lakin jurnalist ixtisasında təhsil almaq istəyən abituriyentlər isə bu ixtisasda yer olmadığı üçün kənarda qalırdı. Bir sıra insanlar var ki, jurnalist olmaq istəməyib, lakin müəyyən səbəblərdən və ya təsadüf nəticəsində bu ixtisasda təhsil alıblar. Hazırda onların əksəriyyəti jurnalistika sahəsində işləmirlər. Lakin çox qəribə haldır ki, başqa ixtisaslar üzrə təhsil alan şəxslər isə indi jurnalistika sahəsində çalışırlar. Bu mənada hazırda aparılan islahatlar çox uğurludur.

- Şamil müəllim, artıq jurnalistika ixtisasında magistratura səviyyəsi üzrə qabiliyyət imtahanı yekunlaşıb. Müraciət edənlərin sayı və bilik səviyyəsi sizi qane etdimi?

- Bu il ölkə üzrə bu ixtisasa qəbul üçün ayrılan plan yerlərinin sayı 47-dir. Lakin cari ildə jurnalistika ixtisasına magistratura səviyyəsinə qəbul olmaq istəyən şəxslərin sayı 25 oldu. Çox təəssüf edirəm ki, müsabiqə qorxusu bir çox bakalavrların qarşısını kəsdi. Düşünürəm ki, buna səbəb qabiliyyət imtahanının Azərbaycanda ilk dəfə keçirilməsi və vaxt məhdudluğu ilə əlaqədar təbliğat və təşviqatın yaxşı aparılmamasıdır. Hesab edirəm ki, gələcəkdə bu iş daha təkmilləşdirilmiş formada aparılacaq. Müraciət edənlərin bilik səviyyəsinin komissiya üzvlərini qane edib-etməməsi məsələsinə gəlincə isə deyə bilərəm ki, qabiliyyət imtahanı zamanı onların həm bilik səviyyəsi, həm də jurnalistika ixtisasında təhsil almaq və jurnalist olmaq istəyi müşahidə olundu.

- Qabiliyyət imtahanı hansı formada keçirilir?

- Qabiliyyət imtahanı üç mərhələdən ibarət olur. Birinci mərhələdə iddiaçı komissiyaya sənədlərini, bakalavr səviyyəsi üzrə təhsil alarkən jurnalistika sahəsində göstərdiyi təşəbbüslər barədə materialları təqdim edir. İkinci mərhələdə müraciət edənin biliyi, dünya görüşü yoxlanılır. Üçüncü mərhələdə isə bakalavra redaksiya tapşırığı verilir. Sonda komissiya tərəfindən tam şəffaf şəkildə müraciət edənin mərhələlərdə əldə etdiyi bal hesablanır və nəticəyə əsasən bakalavr qəbul imtahanına buraxılır.

- Qabaqcıl ölkələrin ali məktəblərində eyni ixtisas üzrə həm də jurnalistika ixtisası tədris olunur. Azərbaycanda da tədrisin bu formasının tətbiq olunması mümkündürmü?

- Əlbəttə mümkündür. Bir sıra sahələr üzrə, xüsusən iqtisadi, tibbi, texniki biliklər sahəsində çalışan şəxslərin informatorları olmalıdır ki, cəmiyyət qeyd olunan sahələrə dair gündəlik informasiya ala bilsin. Artıq ölkəmizdə bunun üçün sahə kanalları ayrılır, müasir maarifçilik işində islahatlar gedir. Hazırda nano, bio və info texnologiyalar sürətlə inkişaf edir. Biz də bunlarla uyğunlaşmalı, təhsilimizdə bunu tətbiq etməliyik.

Bütün xəbərlər Facebook səhifəmizdə