"Vergilər" mövzusunda 8-ci olimpiada keçirilib

"Vergilər" mövzusunda 8-ci olimpiada keçirilib

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (AzDİU) Bakı və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən 13 ali məktəbin 260-dək tələbə və magistrantının iştirak etdiyi "Vergilər" mövzusunda 8-ci olimpiada keçirilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən SİA-ya verilən məlumata görə, "Vergilər" mövzusuna həsr olunmuş bu ənənəvi olimpiada Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuşdur.

Tədbir iştirakçıları əvvəlcə AzDİU-nun foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuş, Azərbaycan xalqı və dövləti qarşısında tarixi xidmətləri olan ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Damət Bağırov olimpiada iştirakçılarını salamlamış, hər il Bakıdan və respublikanın müxtəlif bölgələrindən çoxlu sayda tələbə və magistrantın bu olimpiadaya qatıldığını bildirib.

Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov çıxış edərək Ulu Öndərin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatların ölkəmizi regionda və dünyada aparıcı dövlətlər səviyyəsinə yüksəltdiyini diqqətə çatdırıb. Qeyd olunmuşdur ki, olimpiada iştirakçılarının bir qismi sonradan vergi orqanlarına işə qəbul zamanı yüksək nəticələr göstərmiş və hazırda vergi orqanlarında müxtəlif vəzifələrdə çalışırlar.

Test üsulu ilə təşkil olunan olimpiada zamanı iştirakçılar 2 saat ərzində Vergilər Nazirliyinin Tədris Mərkəzində müvafiq test bazası əsasında hazırlanan sualları kompyuter vasitəsilə onlayn rejimdə cavablandırıblar. Hər bir tələbə üçün fərdi sual bazası tərtib olunub. Nəticələr iştirakçı ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə Tədris Mərkəzinin mütəxəssislərinin nəzarəti altında xüsusi kompyuter proqramları vasitəsilə qiymətləndirilib.

Tələbələr arasında mükafata layiq yerlər aşağıdakı kimi bölünüb:

I yer - Abdullayev Əli Şahmar oğlu (Azərbaycan Universiteti)
II yer - Müseyibov Ayaz Rafiq oğlu (AzDİU)
III yer - Əhmədov Vüsal Əli oğlu (AzDİU)

Azərbaycan Universitetinin tələbəsi I yer tutduğuna görə həmin tələbənin müəllimi də xüsusi mükafata layiq görülüb.

Magistrantlar arasında mükafata layiq yerlər aşağıdakı kimi bölünüb:

I yer - Mirzəyev Asif Nizaməddin oğlu (AzDİU)
II yer - Həmidova Mədinə Bəhruz qızı (AzDİU)
III yer - İlyasov Ramin Adıgözəl oğlu (AzDİU)

Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı I yer tutduğuna görə həmin magistrantın müəllimi də xüsusi mükafata layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə