Təhsil Nazirliyi internat məktəblərini yeni avadanlıqla təmin etdi
Bu gün Təhsil Nazirliyi tərəfindən internat məktəblərinə verilən avtobusların və ümumtəhsil məktəblərinin əmək kabinetləri üçün alınan müasir tələblərə cavab verən avadanlıqların təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mərasim də Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov, KİV təmsilçiləri, müəllimlər, valideynlər və şagirdlər və digərləri iştirak ediblər.
Təqdimat mərasimində ilk olaraq Təhsil Nazirliyinin tabeliyində olan müvafiq təhsil müəssisələri üçün alınan 7 ədəd "Hyundai County" nəqliyyat vasitəsi təqdim olunub.
Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən nazirlik rəsmisi Cəsarət Valehov bildirib ki, Təhsil Nazirliyinin qarşıya qoyduğu əsas məqsədlərdən biri internat və peşə təhsili müəssisələrinin yeni təchizat vəsaitləri ilə təmin olunmasıdır: "Təhsil Nazirliyi son 25 il ərzində ilk dəfədir ki, Avropa istehsalı olan 11 təlim maşını alıb. Bu günlərdə 37 kənd təsərrüfatı texnikası peşə təhsili müəssisələrinə veriləcək. Bununla da gənclərimiz müasir texniki vasitələrin köməyi ilə daha yaxşı təlim ala biləcəklər. Bu onların yüksək biliklərə yiyələnməsində mühüm rola malik olacaq".
Daha sonra məlumat verən 11 saylı İnternat Məktəbinin direktoru Gülnarə Abdullayeva bildirib ki, internat məktəbində 800 şagird təhsil alır ki, onlardan 126-sı xüsusi qayğıya ehtiyacı olan uşaqlardır: "İnternat məktəbində təhsil alan uşaqlardan 72 nəfəri günərzi qayğı mərkəzində yaşayırlar. Onlar mərkəzdə yalnız gündüz vaxtı olurlar, axşamlar isə öz evlərinə valideynlərinin yanına gedirlər. Bu uşaqlar az təminatlı ailələrdən olan 3-6 yaşarası olan uşaqlardır. Ümumilikdə isə məktəbimizdə 600 uşaq ətraf kəndlərdən olan az təminatlı, bir valideynini və ya hər iki valideynini itirmiş uşaqlardır. Hansı ki, onlar baba və nənə himayəsi altında yaşayırlar".
G. Abdullayevə onu da bildirib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar məktəbdə 10-cu sinfə qədər təhsil alır və onlar xüsusi proqramlar əsasında tədris olunurlar: "Az təminatlı uşaqlar isə normal ümumtəhsil məktəblərində təhsil alır və onlara müxtəlif peşə bacarıqları da öyrədilir. Hansı ki, onlar mərkəzi bitirdikdə peşə məktəblərinə göndərilir və ya sonra bu peşələrlə iş tapa bilirlər. Daha çox xüsusi qayğıya ehtiyacı olan uşaqlar Əmək və Əhalinin Sosial Təminatı Nazirliyinin himayəsinə keçirilir və onların vasitəsilə xüsusi mərkəzlərə göndərilir. Mərkəzdə uşaqların tərbiyəsi ilə ümumilikdə 97 müəllim məşğul olur".
Daha sonra isə 26 nömrəli tam orta məktəbin əmək kabinetləri üçün alınan avadanlıqların təqdimatı keçirilib.Təqdimat zamanı qeyd olunub ki, paytaxtda 52 ümumtəhsil məktəbinin 104 əmək kabineti müasir tələblərə cavab verən müasir avadanlıqlarla təmin olunub. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən bu tədbirlər şagirdlərin müvafiq peşə vərdişlərinə yiyələnməsi, fiziki əməyə hörmət ruhunda tərbiyə olunması və onların tədris nailiyyətlərinin yüksəldilməsi məqsədlərinə xidmət edir.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB