Kaspi Təhsil Mərkəzi üç yeni layihəsini təqdim etdi

Kaspi Təhsil Mərkəzi üç yeni layihəsini təqdim etdi

Bu gün Kaspi Təhsil Mərkəzinin "Təhsildə müasir texnologiyalar - Perspektivlər" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Kaspi Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva təhsil mərkəzinin yarandığı gündən bu günədək gördüyü işlərdən danışıb: "Biz atdığımız addımlarla dövlətin təhsil siyasətinə dəstək veririk. Kaspi Təhsil Mərkəzini bitirən 1120 abituriyentimiz ali məktəblərdə təhsil alır. 2015-ci ilə qədər xaricdə təhsil alması nəzərdə tutulan 5000 tələbənin uğurunda Kaspi Təhsil Mərkəzinin də rolu var"

Sonra innovativ texnologiyaların səmərəli istifadəsi ilə əlaqəli yeni layihələrin təqdimatı olub.

Kaspi" Təhsil Mərkəzinin direktoru Elnur Əliyev bildirib ki, son 3 ildə elektron təhsil sahəsində bir sıra layihələr həyata keçirmiş Kaspi Təhsil Mərkəzi bu layihələrin davamı kimi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə Azərbaycanda və ölkədən kənarda yaşayan 5-10 yaşlı uşaqların əlifba və ana dilindəki ilkin anlayışları öyrənmələri üçün "Əlifbanı öyrənirəm" layihəsini hazırlayıb: "İnteraktiv oyun şəklində hazırlanan bu layihə uşaqların əlifbanı səsli və şəkilli öyrənmələrini nəzərdə tutur və onların ana dilini öyrənmə prosesini daha asan və əyləncəli edir. Oyun haqqında www.anadili.az saytından daha ətraflı məlumat əldə etmək olar. İstifadəsi sadə və rahat olan bu oyun valideynlərə uşaqlarının öyrənmə prosesini izləmək imkanı da verir. Bundan əlavə, balacalar saytın şeirlər bölməsində bir sıra uşaq şeirlərini səsli dinləyə bilərlər".

E.Əliyev deyib ki, Kaspi Təhsil Mərkəzi abituriyent hazırlığında da yenilik edərək onlayn imtahan sistemi olan "Kaspi Test"i (www.kaspitest.com) istifadəyə verib: "Sistemin məqsədi Mərkəzin təşkil etdiyi sınaq imtahanlarının onlayn qaydada keçirilməsi, istifadəçilərin yer və məkandan asılı olmayaraq həmin imtahanlarda iştirak etməsidir.Bu sistem istifadəçilər üçün çox rahat olub imtahana müxtəlif cihazlardan (personal kompüter, noutbuk və ya planşetdən) daxil olma imkanı verir. İstifadəçilər imtahandan dərhal sonra nəticələrini görə və təhlil edə, eləcə də keçmiş imtahan nəticələrinə baxa bilərlər. İstifadəyə verildiyi qısa müddət ərzində böyük marağa səbəb olan "Kaspi Test" imtahan sistemində respublikamızın 45 şəhərindən olan istifadəçilər qeydiyyatdan keçib".

Mərkəzin direktoru qeyd edib ki, Kaspi Təhsil Mərkəzindəki öyrənmə proseslərini idarə etmək üçün Öyrənmənin İdarəolunması Sistemi – "Kaspi LMS (Learning Management System)" yaradıb: "Bu sistemin məqsədi müasir texnologiyaları səmərəli istifadə edərək təhsil müəssisəsindəki öyrənmə, ölçmə və qiymətləndirmə, mesajlaşma, hesabat, nəzarət və digər prosesləri çevikvə mərkəzləşdirilmiş qaydadaidarə etməkdir. 4 istifadəçi qrupu (tələbə, müəllim, valideyn, təşkilat idarəçisi) olan sistemə istənilən cihazdan, o cümlədən də mobil telefonlardan daxil olmaq olar. Bu da tələbələrəistənilən yerdən ev tapşırıqlarını yerinə yetirməyə, imtahanları verməyə və dərslərlə əlaqəli digər materialları əldə etməyə imkan verir. Müəllimə isə onlayn qaydada dərs materiallarını, ev tapşırılarını və imtahanları yerləşdirməyə və qiymətləndirməyə şarait yaradır. Valideynlər də həm işdən, həm də evdən övladlarının dərs öyrənmə prosesinə və davamiyyətinə rahatlıqla nəzarət edir və asanlıqla müəllim və Mərkəzlə əlaqə qurur. Bütün bu proseslər Mərkəz rəhbərliyi tərəfindən daim nəzarət və idarə olunur, müxtəlif hesabatlara uyğun çevik qərarlar qəbul edilir. Hazırda sistemdə ingilis dilini öyrənənlər üçün interaktiv dərslər də mövcuddur".

Daha sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Millət vəkili Gövhər Baxşəliyeva, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Qafqaz Universitetinin rektoru Əhməd Sanic və digərləri təqdim olunan layihələrin əhəmiyyətini vurğulayıblar.

Tədbir müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə