Sınaq imtahanının nəticələri AÇIQLANDI

Sınaq imtahanının nəticələri AÇIQLANDI

"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 6-da qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün keçirdiyi sınaq imtahanının nəticələrini bu gün saat 14:00-dan etibarən elan edib". SİA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə belə deyib.

Onun sözlərinə görə, sınaq imtahanının nəticələrinə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 49405 abituriyentdən 2620 nəfəri imtahanda iştirak etməyib: "İmtahanda iştirak edən 46774 abituriyentdən 10 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. 1 nəfər öz cavab kartını korladığı üçün nəticəsini yoxlamaq mümkün olmayıb".

Xatırladaq ki, hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

Qeyd edək ki, növbəti sınaq imtahanı aprelin 13-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə