Sabahkı sınaq imtahanı 22 rayon və şəhəri əhatə edəcək

Sabahkı sınaq imtahanı 22 rayon və şəhəri əhatə edəcək

"Abituriyentlər üçün aprelin 6-da keçiriləcək sınaq imtahanı Respublikanın 22 şəhər və rayonunda təşkil olunacaq". SİA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, imtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Qazax, Tovuz, Sumqayıt, Mingəçevr, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad və Qubada ümumilikdə 62 binanı əhatə edəcək: "İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıbmışdır və 49405 abituriyent qeydiyyatdan keçib. İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar".

TQDK-nın rəsmi internet saytının artıq bir neçə həftədir ki, yeniləndiyini deyən Elnur Nağızadə bildirib ki, sayt dizayn, quruluş və məzmun baxımından müasir tələblərə cavab verir: "Sayt Komissiyanın fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin geniş ictimaiyyətə operativ çatdırılmasını, müxtəlif növ imtahanlarla bağlı hərtərəfli məlumatların cəmləşdirilməsini təmin edir. Sayt 8 əsas bölmədən ibarətdir. Saytın təkmilləşdirilməsi zamanı tərtibatın sadə olmasına, linklərin forma və məzmun baxımından əhatəliliyinə xüsusi diqqət yetirilib. Komissiya sayt vasitəsilə yüz minlərlə vətəndaşa elektron formada xidmət göstərir. Saytın yenilənməsi ilə əlaqədar olaraq, abituriyentlərin sınaq və qəbul imtahanlarına yazılışı zamanı yüklənmə baş vermir".

Bütün xəbərlər Facebook səhifəmizdə