TQDK: "Artıq 6000 abituriyent elektron ərizəsini təsdiq edib"

"Bu günə qədər 6000 abituriyent ali təhsil müəssisələrinə qəbul olmaq üçün təqdim etdiyi elektron ərizəsini təsdiq edib". SİA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib.

Onun sözlərinə görə, hazırda ali təhsil müəssisələrinə ərizələrin qəbulu davam edir: "Komissiyaya daxil olan məlumatlara görə, müəyyən qrup abituriyent elektron ərizəsini özü doldurmur və ya bu işi icra etməyi bacarmır. Problemin aradan qaldırılması üçün TQDK abituriyentin elektron ərizəsinin doldurulması ilə bağlı video çarx hazırlayıb və komissiyanın saytında yerləşdirilib. Qeyd edim ki, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün aprelin 1-dən ərizə qəbulu elan edib. Ərizələrin qəbulu internetlə elektron formada aparılır və aprelin 30-dək davam edəcək. Öz elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər üçün SQK-lar aprel ayının 7-dən başlayaraq hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərəcək".

Elnur Nağızadə bildirib ki, qəbul imtahanları əvvəlki illərin məzunları üçün may ayında, cari ilin məzunları üçün isə iyul ayında keçiriləcək: "Müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin ixtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra bir yerdə aparılacaq".

"Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər aprelin 1-dən 30-dək elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra aprelin 15-dən 30-dək TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməklə seçmə turda iştirak edirlər. QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar. Qeydiyyata alınmış abituriyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edirlər. Test imtahanlarında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edirlər" – deyə, qurum rəsmisi qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə