Məktəblilər Ulu Öndər Heydər Əliyev irsinə böyük maraq göstərirlər

Məktəblilər Ulu Öndər Heydər Əliyev irsinə böyük maraq göstərirlər

Səbail rayonun ümumtəhsil məktəblərində müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsi məqsədilə XI sinif şagirdləri üçün "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" və "Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzularında açıq dərslərin keçirilməsi davam edir. Mart ayında bu dərslər Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qərargahı və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilib.

Dərslərin yüksək səviyyədə, sistemli və planlı şəkildə keçirilməsi məqsədilə xususi qrafik tərtib olunub, rayonun orta və ali məktəblərinin peşəkarlığı, elmi-nəzəri, metodiki hazırlığı ilə fərqlənən nüfuzlu tarix müəllimləri seçilərək onlar üçün seminar keçirilib.

Açıq dərslərin keçirildiyi müddətdə rayon məktəblərinin XI sinif şagirdlərinin Dövlət Sərhəd Xidmətinin Mərkəzi Aparatındakı Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzininə ekskursiyaları və Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarının ziyarət olunması nəzərdə tutulub.

Səbail rayonunda keçirilən növbəti açıq dərs Azərbaycan Dövlət Pedaqoji Universitetinin akt zalında keçirilib. SİA-nın məlumatına görə, dərsdə 150 nəfər XI sinif şagirdi, rayon İcra Hakimiyyətinin məsul işçiləri, pedaqoji işçilər, həmçinin universitetin müəllimləri iştirak ediblər.

İlk öncə şagirdlər və qonaqlar universitetin Heydər Əliyev muzeyi ilə tanış olublar. Ulu Öndərin muzeydə nümayiş olunan fotoları, onunla bağlı digər sənədlər, xüsusilə Heydər Əliyevin Dövlət Pedaqoji Universitetində keçirilən tədbirlərdə iştirakı ilə bağlı stendlər məktəblilərdə xoş təəssüratlar oyadıb.

2 saylı texniki hümanitar elmlər liseyinin tarix müəlliməsi Sevil Nəsibova tərəfindən tədris edilən açıq dərs canlı ünsiyyət və şagirdlərin yüksək fəallığı şəraitində keçib. Qeyd olunub ki, bütün həyatını xalqının tərəqqisi və inkişafına həsr etmiş Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın gələcəyi naminə gördüyü nəhəng işlər ona tariximizin yaddaşına əbədi həkk olmaq, öz xalqının qəlbində əbədi yaşamaq səadəti bəxş edib. Bu dahi şəxsiyyətin mənalı və şərəfli ömür yolu Vətənə və xalqı sədaqətlə xidmət etmək nümunəsidir.

Ümummilli Liderin zəngin həyat yolu ilə tanış olan məktəblilər xüsusilə, Ulu öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra böyük fəaliyyəti ilə əlaqədar fəaliyyətinə böyük maraq göstəriblər.

Daha sonra ADPU-nun tarix fakultəsinin professoru Mais Əmrahov və ADPU-nun dosenti Rəcəb Əliyev tərəfindən məlumat verilib ki, dahi rəhbər Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində erməni təcavüzü şəraitində, işğal və parçalanmaq təhlükəsi ilə üzbəüz şəraitdə qalmış Azərbaycanda müstəqil dövlət quruculuğu sahəsində fəaliyyəti ölçüyəgəlməz olub.

Bildirilib ki, xalqımızın böyük oğlunun fədakarlığı və uzaqgörən siyasəti sayəsində mövcud problemlər, dövlət çevrilişi cəhdləri aradan qaldırılıb və ölkəmizin gələcək iqtisadi inkişafı üçün böyük zəmin yaradılıb. Ulu Öndərin əsasını qoyduğu və onun işlərinin layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı siyasət və məqsədyönlü fəaliyyət nəticəsində bu gün Azərbaycan iqtisadi inkişafı və hərbi qüdrəti ilə regionun aparıcı dövlətinə çevrilib. Azərbaycanın hərtərəfli inkişafı onun dünya dövlətləri arasında olan nüfuzunun durmadan artmasına səbəb olub.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti, onun Azərbaycanın inkişafı və tərəqqisi istiqamətindəki fəaliyyəti ilə bağlı məlumatlar şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə