Samuxda orta məktəbdə maarifləndirmə tədbiri keçirilib

Samuxda orta məktəbdə maarifləndirmə tədbiri keçirilib

Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilən Azərbaycan Respublikasında "İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda (MFP) həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq, əhalinin müxtəlif qrupları arasında hüquqi maarifləndirmə tədbirləri keçirirlər.

Növbəti maarifləndirici seminar əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin təbliği məqsədi ilə Samux rayonu Füzuli kənd orta məktəbində kənd İcra Nümayəndəliyinin, təhsil müəssisəsinin pedaqoji kollektivinin iştirakı ilə "İnsan hüquqlarının müdafiə mexanizmləri" mövzusuna həsr edilib.

Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, tədbirdə çıxış edən Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd edib ki, ölkəmizdə insan hüquqlarının müdafiəsi və təbliği daim prioritet istiqamətlərdəndir və Azərbaycan Ombudsman təsisatı bu sahədə öz töhfələrini verməkdədir. O, MFP-nin müddəaları barədə ətraflı danışıb, tədbir iştirakçılarına fəaliyyət dövrü ərzində Ombudsman təsisatı tərəfindən həyata keçirilən tədbirlər, ərizə və şikayətlərə baxılması qaydaları, Müvəkkilin səlahiyyətləri, Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq konvensiyalar və milli qanunvericilik sənədlərində təsbit olunan hüquqların təmin edilməsində fəaliyyəti, həmçinin regional mərkəzlərə müraciət etmək qaydaları, 916 saylı qaynar xətt barəsində məlumat verib.

"Açıq Hökumətin təşviqinə dair" 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edildiyi və bu proqramın həyata keçirilməsi istiqamətində bir çox dövlət orqanlarının üzərinə mühüm vəzifələrin qoyulduğu vurğulanıb.

İnsan Hüquqları üzrə Müvəkkilin bu Milli Fəaliyyət Planında da qarşıya qoyulan vəzifələrin müzakirəsinə həsr edilən tədbirlər, məsləhətləşmələr keçirdiyi bildirilib.

Maarifləndirici seminarda iştirakçıların sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə