Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Yunanıstan Parlamentinin deputatı, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Yunanıstandan olan üzvü Marias Epameinondası qəbul edib. ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən SİA-ya verilən xəbərə görə, qonağı salamlayan rektor Səməd Seyidov onu ADU-da görməkdən məmnun olduğunu dilə gətirib.
Universitet haqqında məlumat verən rektor, professor Səməd Seyidov ADU-nun ali təhsil müəssisələri içərisində xüsusi yeri olduğunu qeyd edib. ADU-nun tarixindən danışan rektor universitetin beynəlxalq əlaqələrindən söz açıb. O, universitetin müxtəlif dillərin, o cümlədən beynəlxalq münasibətlərin öyrənilməsi sahəsində böyük ənənə və təcrübəyə malik olduğunu vurğulayıb. O, Azərbaycan təhsil sistemində aparılan islahatlardan, dövlət proqramlarından söz açıb. Rektor Azərbaycanın Avropanın bir hissəsi olduğunu bildirdi. Professor Səməd Seyidov ADU-nun Avropa Birliyinin proqramlarında iştirakından və bu proqram çərçivəsində müxtəlif layihələri həyata keçirdiyini deyib. O, tələbə və müəllim mübadiləsinin universitetin beynəlxalq əlaqələrində xüsusi yer tutduğunu bildirib. Azərbaycan Dillər Universitetində 6000 tələbənin təhsil aldığını bildirən rektor, professor Səməd Seyidov universitetdə 20-dən çox dilin tədris olunduğunu və rəhbərlik etdiyi ali təhsil ocağında hər bir ölkənin dil və mədəniyyət mərkəzinin mövcudluğunu sözlərinə əlavə edib. O, universitetdə Qərbi Avropa dilləri ilə yanaşı, Şərq dillərinin də öyrənildiyini deyib. ADU-nun uğurlarından söz açan rektor tələbələrin bu dilləri dərindən mənimsədiklərini və gələcəkdə ADU məzunu olan bacarıqlı tələbələrin dövlət orqanlarında çalışdıqlarını da dedi. Rektor, professor Səməd Seyidov tələbələrlə görüşə razılıq verdiyi üçün qonağa təşəkkürünü bildirib.
Yunanıstan Parlamentinin deputatı, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Yunanıstandan olan üzvü Marias Epameinondas səmimi qəbula görə təşəkkür edib. O, bugünkü məruzənin tələbələrə maraqlı olacağına əminliyini ifadə edib.
Görüşdən sonra qonaq ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq münasibətlər, Britaniyaşünaslıq, Amerikaşünaslıq, Skandinaviyaşünaslıq, Fransaşünaslıq, Almaniyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələri və fakültə müəllimləri ilə görüşüb. Fakültə dekanı Anar Nağıyev Marias Epameinondası tələbələrə təqdim edib. Cənab Marias Epameinondas "Yunanıstan və Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında sədrliyinin müqayisəli təhlili" mövzusunda məruzə ilə cıxış edib. Tələbələr tərəfindən maraqla qarşılanan mühazirənin sonunda qonaq sualları cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB