Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən "Magistr" xüsusi buraxılışının 2014-cü il tarixli 3-cü sayı nəşr edilib. Komissiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, jurnalda ali təhsil müəssisələrinin magistraturalarının bütün ixtisaslaşmalarına qəbul proqramları təqdim olunub. Hər bir bakalavr bu jurnalı əldə etdikdən sonra ilk növbədə "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" ilə diqqətlə tanış olmalıdır.
Bakalavrlar bu cədvəl əsasında bitirdikləri bakalavr ixtisasına uyğun olan magistratura ixtisaslaşmaları ilə tanış ola, müvafiq qəbul proqramının nömrəsini və ixtisaslaşmaların seçimi üçün tələb olunan minimal balı öyrənə bilərlər. Hər bir bakalavr qəbul imtahanının I mərhələsindəki nəticəsindən asılı olaraq onun seçmək hüququ olan ixtisaslaşmaların arasından öz istəyinə uyğun olanları seçməli və cədvəldə göstərilən müvafiq proqram əsasında imtahanın ikinci mərhələsinə hazırlaşmalıdır.
Bu ildən başlayaraq magistraturaya qəbulda ixtisasından asılı olmayaraq bütün bakalavrlara jurnalistika üzrə ixtisaslaşmaları seçmək imkanı vermək qərara alınıb. Odur ki, cari ildə magistraturaya qəbul imtahanının I mərhələsində humanitar və sosial ixtisaslar qrupuna aid olan müsabiqə şərtlərini ödəyən bütün bakalavrlar jurnalistika üzrə 44 №-li proqramı da seçə bilərlər. Bunun üçün bakalavrlar TQDK tərəfindən müəyyən edilən müddətdə internetdə müvafiq sorğu anketini dolduracaq, daha sonra TQDK tərəfindən təşkil olunacaq müsabiqə komissiyası tərəfindən keçirilən müsahibədə iştirak edəcəklər. Müsahibədən müvəffəqiyyətlə keçənlər jurnalistika ixtisaslaşması üzrə olan proqramı seçərək imtahanda iştirak edəcəklər. Həmin imtahanda onlar təqdim olunacaq mövzu üzrə yazı işini yerinə yetirəcəklər. Nəticələri müsabiqə şərtini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılacaqlar.
Bitirdikləri ixtisasdan asılı olmayaraq bütün bakalavrlar 56 nömrəli proqrama aid olan MBA üzrə ixtisaslaşmaları, habelə Azərbaycan Turizm İnstitutunun 22 nömrəli proqrama aid olan və Beynəlxalq layihə üzrə mütəxəssis hazırlığı aparılan Turizm işi ixtisaslaşmasını seçə bilərlər.
Qeyd edək ki, magistraturaya proqram seçimi, ixtisaslaşma seçimi haqqında elan, qəbul aparılan ixtisaslaşmaların siyahısı və digər zəruri məlumatlar "Magistr" xüsusi buraxılışının növbəti sayında dərc ediləcək.
Xatırladırıq ki, 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydaları "Magistr" xüsusi buraxılışının 2014-cü il tarixli 1-ci sayında, qəbul elanı isə 2-ci sayında dərc edilib. Təqdim olunan bu materiallar bakalavrlara magistraturaya qəbul imtahanına səmərəli hazırlaşmaqda yardım etmək məqsədi daşıyır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini 2014-cü il martın 2-də keçirib və bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), xarici dil və informatika fənni üzrə bilikləri test üsulu ilə yoxlanılıb. İmtahanda iştirak etmək üçün 24560 bakalavr qeydiyyatdan keçib. Onlardan 1505 nəfər imtahana gəlməyib, 8 nəfəri isə qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunub. İmtahanda 23047 nəfər iştirak etdib. İmtahanda ən yüksək nəticə 97 bal olub. I mərhələnin nəticələrinə görə, 10527 bakalavr proqram seçimində və imtahanın II mərhələsində iştirak etmək hüququ qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB