Mikayıl Cabbarov: "Ali təhsil müəssisələri təhsil alanlar üçün yaradılıb"

Mikayıl Cabbarov: "Ali təhsil müəssisələri təhsil alanlar üçün yaradılıb"

"Təhsil sitemində ali təhsil müəssisələri təhsil alanlar üçün yaradılıb. Bunun konteksini düzgün başa düşmək lazımdır". SİA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsində uğurlar əldə etmiş tələbələrlə görüşü zamanı çıxışında belə deyib.

Onun sözlərinə görə, təhsil sistemində tələbələri fərqləndirən yalnız bir faktordur: "Nə sosial mənşə, nə maddi rifah, nə də hansısa başqa bir amil tələbənin təhsil sistemində seçilməsini təmin edə bilməz. Yalnız bilik səviyyəsi onları fərqləndirən meyar olmalıdır. Təhsil Nazirliyi olaraq Azərbaycan təhsilinin dərin ənənələrinə, milli-mədəni dəyərlərimizə, cəmiyyətdə qəbul olunmuş ünsiyyət formalarına, qarşılıqlı hörmətə əsaslanaraq qloballaşan dünyanın tələblərindən irəli gələrək istərdik ki, tələbələrimiz rəqabətə davamlı olsunlar".

Mikayıl Cabbarov deyib ki, nazirliyin əsas məqsədi ali məktəblərdə təhsilini başa vuran məzunların yalnız Azərbaycanın iqtisadiyyatında, sosial həyatında deyil, daha geniş miqyasda, beynəlxalq əmək bazarında tədbiq edə biləcəkləri biliklərə sahib olmalarıdır: "Eyni zamanda tələbələr düşüncə tərzinə, tez öyrənmə bacarıqlarına nail olmalıdırlar. Bütün digər sahələrdə olduğu kimi, təhsil sahəsində də qlobal rəqabətlə qarşılaşırıq. İstəyimiz məzunlarımızın bu rəqabətdə uğur qazanmasıdır".

"Əsas məqsədimiz Azərbaycanda ali təhsil müəssisələrinin səviyyəsinin daimi olaraq artmasıdır. Bu gün biz bunu bir sıra universitetlərdə artıq görürük. Həmin universitetlərin məzunları dünyanın istənilən şirkətində, ölkənin istənilən orqanlarında tələblərə və standartlara cavab verən mütəxəssislər kimi hazırlanır. Lakin bu universitetlərin və məzuların sayı daimi olaraq artmalıdır" – deyə, nazir qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə