Prezident İlham Əliyev SDU-nun yeni rektorunu təyin etdi

Prezident İlham Əliyev SDU-nun yeni rektorunu təyin etdi

Azərbaycan Prezidenti İlham Əliyev Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi barədə sərəncam imzalayıb. SİA-nın xəbərinə görə, sərəncamda Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilsin.

Qeyd edək ki, Elxan Bahadur oğlu Hüseynov Azərbaycan Dövlət Universitetinin (ADU) mexanika-riyaziyyat fakültəsini bitirib. O, 1985-ci ildə ADU-da namizədlik dissertasiyasını müdafiə edib, 1994-cü ildə dosent elmi adı alıb. 1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) fəlsəfə kafedrasının dosenti, 1995-ci ildən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999-2002-ci illərdə isə birinci prorektor - tədris işləri üzrə prorektor vəzifələrində çalışıb.

8 avqust 2002-ci ildə ona Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verilib. 8 avqust 2002-ci ildən 15 yanvar 2010-cu ilə qədər Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində fəaliyyət göstərib. 2010-2011-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 2013-cü ilin avqustun 15-dən isə Azərbaycan Respublikası təhsil nazirinin müşaviri vəzifəsində işləyib.

2013-cü ilin dekabr ayında SDU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunub. Həmçinin, SDU-nun rektoru vəzifəsinin icrası müvəqqəti olaraq ona həvalə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə