Təhsil eksperti: “Ana dilimizi vətəndaşlarımız qorumalıdır" AÇIQLAMA

Təhsil eksperti: “Ana dilimizi vətəndaşlarımız qorumalıdır" AÇIQLAMA

"Bu gün dünyada beynəlxalq ana dili günü həqiqətən də bayram günüdür. Ona görə ki, biz ana dilimizdən istifadə edərək bir –birimizlə dərdləşir, sevincimizi bölürük". Bu sözləri SİA-ya təhsil eksperti Şahlar Əsgərov beynəlxalq ana dili günü ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, hər bir ölkə üçün öz ana dili doğma, əzizdir: "Lakin hər kəs öz dilini qorumalı, onun inkişafına çalışmalıdır. Mən də istərdim ki, bizim dilimiz daha da inkişaf etsin, ildən-ilə söz ehtiyatlarımız, söz bazamız artsın. Bunun üçün hər kəs çalışmalı, dilinə hörmətlə yanaşmalıdır. Ana dilinə hörmət edən hər kəs öz dilində danışmalı, öz dilində təhsil almalıdır. Bakı şəhərində müxtəlif dillərdə məktəblərimiz var. Bəzən insanlar nədənsə uşaqlarını rus dilli məktəblərinə qoymağa can atırlar. Bu cür hallar heç də xoşagələn hal deyil. Övladlarımızın ana dilimizdə təhsil alması dilimizin inkişafı üçün mühümdür".

Ana dilinin inkişafı ilə bağlı ölkədə bir çox sənədlərin qəbul olunduğunu xatırladan təhsil eksperti söyləyib ki, hər şey sənədlə həll olunmur.

Onun sözlərinə görə, dilimizin zənginləşməsi, qorunması, inkişafı biz vətəndaşların əlindədir: "Ölkəmizdə ana dilində aparılan təhsil pis deyil, lakin onun vəziyyəti daha da yaxşılaşdırıla bilər. Bununla bağlı Təhsil Nazirliyinə də öz fikrimi bildirmişəm. Bu sahəyə xüsusi diqqət yetirilməlidir. Məktəblərin səviyyəsi indikindən də yüksək olmalıdır ki, insanlar başqa dilli məktəblərə deyil, ana dilimizdə təhsil verən məktəblərə meyl göstərsinlər. Bunun üçün məktəblərdə təhsilin səviyyəsini yüksəltməklə yanaşı, ana dilimizdə çoxlu sayda inşa-yazı müsabiqələri keçirilməlidir. Ümumilikdə isə Azərbaycan dili çox zəngin, ahəngdar bir dildir. Dilimizin inkişafı ilə bağlı bir neçə sənəd də qəbul olunub. Lakin hər şey sənədlə bitmir. Ana dilimizi biz vətəndaşlar qorumalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə