Bu gün Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili qaydaları" və Təhsil Nazirinin 21 yanvar 2014-cü il tarixli əmrinin tələbələrin narazılığına səbəb olması ilə əlaqədar Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Yaqub Piriyev, təhsil nazirinin müşaviri İlham Pirməmmədov tələbələrlə görüş keçirib.
SİA-nın xəbərinə görə, görüşdə çıxış edən rektor deyib ki, qaydalarda bir tələbə üçün semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir. Abel Məhərrəmovun sözlərinə görə, müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərin göstəricisi 81-100 bal arxasında olan tələbələrə əlavə ödəniş etmədən, akademik borcu olanlar üçün isə ödənişli əsaslarla hər semestrdə cəmi 8 kreditdən çox olmamaq şərti ilə əlavə fənn də verməyə icazə verir: "Bu halda əlavə fənlər üzrə ödənişin məbləği ixtisas üzrə illik təhsil haqlarını 60-a bölərək alınan nəticəni onun götürdüyü əlavə fənlərin kreditinə vurmaqla müəyyənləşdirilir. Hər tədris ili üçün ixtisasın tədris qrafiki əsasında fənlərin prerekvizitliyi gözlənilməklə tələbənin fərdi tədris planı hazırlanır. Cari il üçün tələbələr tələbənin fərdi tədris planı hazırlanarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilib".
Rektor bildirib ki, akademik borc yaranan fənn müvafiq semestrdə tədris olunmadığı və ya həmin fənn üzrə qrup yaradılmadığı halda bu tələb istisna edilir: "Hər bir semestrdə tələbənin seçdiyi fənlər üzrə ümumi kreditlərin sayı 30-dan çox olmadıqda hansı fənlərin seçilməsindən asılı olmayaraq əlavə təhsil haqqı ödənilmir. əlavə təhsil haqqı yalnız semestr ərzində 30 kreditdən əlavə kredit götürmək istəyən və akademik borcu olan tələblərə şamil edilir".
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev görüşdə çıxışında deyib ki, tələbələr tədrislə bağlı bütün problemləri fakültə dekanları ilə müzakirə etməlidir: "Daha sonra məsələ universitetin rektoru ilə müzakirə olunmalı, tələbə müzakirədən razı qalmadıqda isə daha yuxarı instansiyalara müraciət etməlidir. Təhsil Nazirliyi hər zaman tələbələrlə dialoqa getməyə hazırdır və bu dialoq sivil səviyyədə olmalıdır".
Sonda tələbələrin məsələ ilə əlaqədar sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB