“Naxçıvan MR-da mədəniyyətin və turizmin inkişafının yeni mərhələsi”

“Naxçıvan MR-da mədəniyyətin və turizmin inkişafının yeni mərhələsi”

Azərbaycan Turizm İnstitutunda (ATİ) "Naxçıvan Muxtar Respublikasında (MR) mədəniyyətin və turizmin inkişafının yeni mərhələsi" mövzusunda elmi praktik konfrans keçirilib. SİA xəbər verir ki, ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov Naxçıvan MR-nın 90 illik yubileyinə həsr olunan elmi praktik konfransın gündəliyini, məruzəçiləri tədbir iştirakçılarına təqdim edəndən sonra çıxışı zamanı bildirib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxşıvan MR tarixən çətin sınaqlarla dolu mürəkkəb, eyni zamanda şərəfli bir yol qət edib. Onun sözlərinə görə, çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar zaman-zaman milli varlığımızı qoruyub və yaşadıb, yetişdirdiyi tarixi şəxsiyyətlər, görkəmli elm, mədəniyyət xadimləri, sənətkarları ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında böyük rol oynayıb: "Bu gün yüksək potensiala malik Muxtar Respublika dövlət proqramlarının, infrastruktur layihələrinin uğurlu tətbiqi sahəsində inkişafa layiqincə sahiblənə bilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladığı "Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi" haqqında sərəncamına uyğun olaraq, ölkəmizin hər yerində təşkil olunan müxtəlif elmi və mədəni tədbirlər 5 iqlim tipli qədim yurdumuzun yubileyinə ad olunub".

Tədbirdə çıxış edən ATİ-nin Doktorantura, magistratura, əlavə təhsil şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent Nəsirulla Nəsirli "Naxçıvan Muxtar Respublikasında müalicə-sağlamlıq turizminin inkişafı istiqamətləri" mövzusundakı çıxışında müəyyən faktları vurğulayıb. O bildirib ki, "Müalicə sağlamlaşdırma və bərpa turizmi məqsədilə xarici ölkələrə səyahət edən Azərbaycan vətəndaşlarının sayı 2012-ci ildə 116498 nəfər, Azərbaycana gələnlərin sayı isə 42124 nəfər olub: "Həm iqlim şəraitinə, həm də mineral su ehtiyatlarının sayına və tərkibinə görə Naxçıvan Muxtar Respublikasının ərazisi tamamilə kurort zonasıdır, yəni burada müalicə, profilaktika və bərpa üçün hər cür zəruri şərtlər mövcuddur. Bu şərtlərin reallığa çevrilməsi üçün mineral su mənbələri ərazisində sanatoriya infrastrukturu yaradılmalıdır. Naxçıvan Muxtar Respublikasında bu təcrübədən "Duzdağ" fizioterapiya, müalicə və bərpa mərkəzinin yaradılmasında istifadə edilib. Naxçıvan MR-in ərazisinə daxil olan hər bir regionda, xüsusilə Şahbuz və Ordubad rayonlarında bu tipli müəssisələrin yaradılması regionların sosial-iqtisadi inkişafına, sahibkarlığın və miqrasiyanın qarşısının alınmasına, əlavə iş yerlərinin yaranmasına, kənd təsərrüfatı və qida sənayesinin intensive inkişafına, sosial məsələlərin uğurlu həllinə və s. təkan verə bilər. Ümumdünya Turizm Təşkilatının sərhədyanı turizmin, müalicə sağlamlaşdırma istiqamətinin, uşaq və gənclər turizminin inkişafı etdirilməsi xaricə turist axınının qarşısını almaqla bərabər, xaricdən respublikamıza turist axınına səbəb olar. Nəticədə büdcə gəlirlərinin daha da artmasına zəmin yaranar".

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyası Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Ədalət Qasımov "Naxçıvan MSSR-in yaradılması tarixindən", ATİ-nin İctimai fənlər kafedrasının müdiri, dosent İbrahim Əliyev "Azərbaycan tarixində Naxçıvan", Turizm biznesi kafedrasının müdiri Bahadur Bilalov "Naxçıvan MR-da dini turizm: vəziyyəti və inkişaf perspektivləri", Xidmət mühəndisliyi fakültəsinin dekanı Sevda Vəzirova "Naxçıvanın mineral sularının ölkənin sanatoriya-kurort potensialında yeri", Sevil Kərimova "Naxçıvan memarlıq məktəbinin orta əsrlər Türkiyə arxitekturasına təsiri", Vüsalə Məmmədova "Naxçıvan MR-in memarlıq irsi mədəni turizm obyekti kimi" və Qahirə Məmmədova "İslam mədəniyyətinin paytaxtı olacaq Naxçıvanda dini turizm abidələri" mövzusunda məruzələrlə çıxış ediblər.

Elmi-praktik konfransda Naxçıvanın turizm potensialının inkişafına dair irəli sürülən təkliflərin ümumiləşdirilib müvafiq qurumlara təqdim olunması, məruzələrin xüsusi buraxılışının çapa hazırlanması qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə