Nazirlik: "Tələbələr ali məktəblərə təkrar bərpa oluna biləcək"

Nazirlik: "Tələbələr ali məktəblərə təkrar bərpa oluna biləcək"

"Azərbaycanda artıq tələbə tədris müddəti ərzində kredit balını toplamadığı üçün ali məktəblərdən xaric edilməyəcək. Ölkədə təsdiq edilən "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar"a əsasən, tələbələr kredit balını ödəyənə kimi ali məktəbdə təhsil ala biləcəklər və onların hər hansı bir kursdan xaric edilməsi olmayacaq". SİA-nın xəbərinə görə, Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini Cəsarət Valehov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, tələbələr istisna hallarda ali məktəblərdən xaric ediləcək: "Belə ki, tələbə öz arzusu ilə, başqa ali təhsil müəssisəsinə köçürüldükdə, ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda, müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən), növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda ali məktəbdən xaric olunur".

Universitetdən xaric olunan tələbənin yenidən bir neçə dəfə ali məktəbə bərpa oluna biləcəyini deyən Cəsarət Valehov deyib ki, artıq buna heç bir məhdudiyyət qoyulmayacaq: "Ali təhsil pilləsinin hər iki səviyyəsində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdir. Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alıb sonradan səhhətinə görə xaric olunan, eləcə də hər hansı bir səbəbdən xarici ölkə ali təhsil müəssisələrindən tələbələr sırasından xaric edilmiş şəxslər ixtisasına uyğun olaraq Azərbaycan Respublikasının müvafiq mülki ali təhsil müəssisələrinə bərpa oluna bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə