Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində Ali məktəb tələbələri üçün "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri" proqramı üzrə qısamüddətli kursların açılışı olub.
Akademiyadan SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov kursların keçirilməsinin məqsədlərindən danışıb. Rektor qeyd edib ki, məqsədimiz son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır.
Bununla yanaşı, bu kursların keçirilməsinin ideyası gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, eləcə də Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir.
Kurslarda ilk olaraq "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri və mərhələləri", tarix elmləri doktoru, professor Kərim Şükürov isə "Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri" mövzusunda mühazirələr oxuyublar.
Kurslarda XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906); Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər); Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları (1918-1923-cü illər). DQMV-nin yaradılması və nəticələri; Sovet dövründə Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və onun nəticələri; XX əsrin 80-ci illərinin sonunda Ermənistanın Azərbaycana təcavüzü və onun nəticələri. Xocalı soyqırımı; Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təşkilatlarda; Münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqlar prosesində Azərbaycan dövlətinin mövqeyi və digər mövzularda proqram üzrə ayrı-ayrı mütəxəssislər və bu sahənin tədqiqatçıları tərəfindən mühazirələr oxunacaqdır. Kursların sonunda dinləyicilərə müvafiq sertifikatların verilməsi nəzərdə tutulub.
2014-cü il fevralın 18-dən - 28-dək davam edəcək kursların ilk dinləyiciləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB