Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqoji və Filologiya və Jurnalistika fakültəsinin 2013-2014-cü tədris ilində Bakalavriat ali təhsil pilləsinin əyani və qiyabi təhsil alan IV kurs tələbələrinin pedaqoji təcrübəsinə həsr olunan pedaqoji konfrans keçirilib. SİA-ya verilən məlumata görə, konfransı giriş sözü ilə açan universitetin Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov pedaqoji təcrübənin tələbələrin müəllim kimi formalaşmasında mühüm rol oynadığını deyib.
Pedaqogika kafedrasının müdiri, professor Nurəddin Kazımov çıxışında respublikada xarici dil müəllimlərinə hər zaman ehtiyac olduğunu bildirib. O, müəllim peşəsinə yiylənməklə yanaşı, hər bir gəncin vətəni təmsil edən yüksək ixtisaslı Azərbaycan vətəndaşı olmaqlarını tövsiyə edib.
Linqvodidaktika kafedrasının müdiri, professor Gülnar Hüseynzadə əsas məqsədin peşə keyfiyyətinə malik olan mütəxəssislər hazırlanması olduğunu bildirib. O, pedaqoji təcrübədə yaranan problemlərin həlli üçün kafedranın hər zaman tələbələrin ixtiyarında olduğunu bildirdi və uğurlar arzulayıb.
Psixologiya kafedrasının müdiri, dosent Ceyhun Alıyev pedaqoji təcrübənin psixoloji tərəflərindən bəhs edib. O, universitetin pedaqoji təcrübənin təşkilinə xüsusi önəm verdiyini bildirib: "Prosesin uğurla həyata keçirilməsində hazırlıqların yüksək səviyyədə təşkili, pedaqoji təcrübədə iştirak edən şəxslərin qarşılıqlı münasibəti və tələbələrin təhkim olunduğu məktəblərin göstərdikləri münasibət əsas rol oynayır. O, bu gündən etibarən tələbələrin üzərilərinə yeni müəllimlik rolunu götürdüklərini bildirib. O, "Rolu yaxşı oynamaq üçün yaxşı mənimsəmək lazımdır" sözlərini də əlavə edib.
Qeyd edək ki, təcrübə martın 17-dən mayın 24-dək davam edəcək. Pedaqoji fakültədə əyani təhsil forması üzrə 423, qiyabi təhsil forması üzrə 63 tələbə, Filologiya və Jurnalistika fakültəsinin 143 tələbəsi Bakının 36-a yaxın orta ümumtəhsil məktəbində təcrübə keçəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB