ATİ-də təhsil müəssisələrində tədris prosesinin təşkili müzakirə olunub

ATİ-də təhsil müəssisələrində tədris prosesinin təşkili müzakirə olunub

Azərbaycan Turizm İnstitutunda Mədəniyyət və Turizm Nazirliyinin sistemində fəaliyyət göstərən təhsil müəssisələrində tədris prosesinin təşkili və "Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası" mövzusunda iclas keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən ATİ-nin rektoru Cəfər Cəfərov qeyd edib ki, iclasın əsas müzakirə mövzusu mövcud strategiyanın dövlətin təhsil sisteminin inkişafında rolu və strategiyada öz əksini tapmış əsas müddəaların Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən təhsil müəssisələrində tədris prosesinin təşkili zamanı tətbiqidir.

O həmçinin bildirib ki, təhsil strategiyasına əsasən ali məktəblərə ödənişli təhsilin qəbul planının ləğv edilməsi nəzərdə tutulub və bu da əmək bazarında çox ehtiyac olan turizm və xidmət sahəsində kadr hazırlığına kömək edə bilər: "Turizm təhsilində ciddi addımlar atılmalı, kütləvi kadr hazırlığı prosesi başlanmalıdır: "Bu zaman keyfiyyəti də heç bir zaman ikinci plana keçirmək olmaz".

Mədəniyyət və turizm naziri Əbülfəs Qaryev və təhsil naziri Mikayıl Cabbarovun da iştirak etdiyi iclasda əməkdaşlığın daha səmərəli təşkilinə həsr olunmuş müzakirələr aparılıb və əməkdaşlığın konkret istiqamətlərinin müəyyən olunub.

Qeyd edək ki, iclasın əsas məruzəçiləri Cəfər Cəfərov (Azərbaycan Turizm İnstitutunun rektoru), Fərəh Əliyeva (Mədəniyyət və Turizm Nazirliyin İncəsənət şöbəsinin müdiri), Əyyub Əyyubov (Mingəçevir Turizm Kollecinin direktoru), Asif Usubəliyev (Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin Elmi-metodiki sektorunun müdiri) olub.

Bütün xəbərlər Facebook səhifəmizdə