Ceyhun Bayramov: “Azərbaycanda 2612 gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil alır"
"Bu gün Azərbaycanda 2612 gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb ki, onlardan 600 nəfəri təhsilini başa çatdırıb". SİA-nın məlumatna görə, bu sözləri təhsil nazirinin müavini Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasının Gənclər, idman və mədəniyyət komissiyasının ilk iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu il xaricdə təhsillə bağlı dövlət proqramında xarici ali təhsil müəssisələrinin siyahısında dəyişikliklər aparılıb: "Dəyişikliklərlə bağlı siyahı yaxın vaxtlarda cəmiyyətə açıqlanacaq. Ümumilikdə isə siyahıya 500 ali təhsil müəssisəsi daxil edilib. Problemlə bağlı Təhsil Nazirliyi təklif irəli sürüb və Təhsil Komissiyası da bu təklifi nəzərə alıb. Lakin burada əsas məsələ ondadır ki, bəzi xarici ali təhsil müəssisələri də qışda qəbul elan edir. Gənclərimiz qışda imtahan verib, həmin ali təhsil müəssisələrinə daxil olur, ancaq yeni siyahıda həmin xarici ali təhsil müəssisəsinin adı salınmırsa, onların təhsil xərcləri maliyyələşdirilmirdi. Biz təklif etdik ki, növbəti siyahıda keçən dəfə siyahıya salınmış ali məktəbin adı salınmırsa da, həmin ali məktəbə daxil olan gəncin təhsil xərcləri maliyyələşdirilsin. Bu təklif nəzərə alınıb".
Çıxışı zamanı nazir müavini vurğulayıb ki, Nazirliyinin strukturuna daxil olan 15 ali məktəbdə "Savad" klubları təşkil olunacaq: "Məsələ ondadır ki, ali məktəblərə yüksək savadlı gənclərlə yanaşı, aşağı göstəriciyə malik gənclər də qəbul olunur. Əyani birinci kursda oxuyan yüksək savadlı tələbələr birinci kurs imtahanlarının nəticələrinə əsasən müəyyənləşdiriləcək və "Savad" klublarına daxil ediləcək".
C. Bayramov həmçinin bildirib ki, yüksək savadlı tələbələr dövlət sifarişi ilə mili statuslu universitetlərdə oxumalıdırlar: "Təhsil Nazirliyi ali məktəblərin milli və digər statuslu universitetlərə bölünməsini zəruri sayır və hazırda bununla bağlı meyarlar hazırlanır. Azərbaycanda ali təhsilin bütün növləri pulludur. Sadəcə, bir qisim dövlət hesabına ödənilir. Hazırda dövlət tərəfindən sifarişlərin yerləşdirilməsi meyarları hazırlanır. Həm dövlət, həm də özəl ali təhsil müəssisəsi milli statuslu ola bilər. Əsas ali məktəbin akademik səviyyəsidir. Təhsil Nazirliyi hesab edir ki, yüksək savadlı tələbələr dövlət sifarişi ilə mili statuslu universitetlərdə oxumalıdırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB