Bu gün Təhsil Nazirliyində ali və orta ixtisas təhsili müəssisələrində 2013-2014-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişinə və nazirliyin "Qaynar xətt" xidmətinin fəaliyyətinə həsr olunan mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, mətbuat konfransında TN-in Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev, Bakı Dövlət Universitetinin prorektoru İradə Əliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin Damət Bağırov, Azərbaycan Texniki Universitetinin prorektoru Xaliq Yaqubov, Bakı Slavyan Universitetinin prorektoru Asəf Hacıyev, Azərbaycan Tibb Universitetinin prorektoru Nəsimi Qasımov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Malik Cəbrayılov iştirak edib.
Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev 2013-cü il 25 dekabrdan bu günə kimi Təhsil Nazirliyinin "Qaynar xətt"inə 2789 zəngin daxil olduğunu deyib. Onun sözlərinə görə, zənglər əsasən məlumat və şikayət xarakterli olub: "Şikayət xarakterli zənglər müxtəlif ixtisaslarda qeyri-müəyyənliklər, diplomların gecikdirilməsi və digər məsələlərlə bağlıdır. Məlumat xarakterli zənglər isə müxtəlif informasiya almaq məqsədinə xidmət edir. Qış imtahan sessiyasında Təhsil Nazirliyinin tabeçiliyində olan ali təhsil müəssisələrindən 94825 tələbə, nazirlik tabeçiliyində olmayan ali təhsil müəssisələrindən 20567 tələbə, özəl universitetlərdən 19127 nəfər tələbə iştirak edir. Ümumilikdə isə payız semestr imtahan sessiyasında 134519 nəfər tələbə iştirak edir. Xüsusi təyinatlı ali təhsil müəssisələrində isə 6-7 min tələbə oxuyur. Ali təhsillə bağlı "Qaynar xətt"ə daxil olan 20-yə yaxın zəng isə yerində həll edilib. Bunlar əsasən bərpa işləri ilə bağlı olub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB