Məleykə Abbaszadə: "TQDK 493 nəzarətçini bazadan xaric edib"

Məleykə Abbaszadə: "TQDK 493 nəzarətçini bazadan xaric edib"

"2013-cü ildə keçirilmiş 9 illik ümumi və 11 illik tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında müvafiq olaraq 10 126 nəfər və 7 726 nəfər nəzarətçi-müəllim cəlb olunub". SİA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə qəbul imtahanlarında fəaliyyəti yüksək qiymətləndirilmiş nəzarətçi-müəllimlərin mükafatlandırılması mərasimində deyib.

Onun sözlərinə görə, Komissiyasının nəzarətçilər bazasına ümumilikdə 15 minə yaxın nəzarətçi-müəllim daxildir: "Ötən il keçirilən qəbul imtahanlarına 6105 müəllim cəlb olunub. Onların fəaliyyətinə dair araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə, 574 nəzarətçi-müəllimə təşəkkür elan edilib, o cümlədən 26 nəfəri fəxri fərmanla təltif edilib. Köçürməyə və digər qayda pozuntularına yol verən 493 nəzarətçi bazadan xaric edilib".

Məleykə Abbaszadə bildirb ki, indiyə kimi TQDK tərəfindən keçirilən imtahanlarda nümunəvi fəaliyyətilə fərqlənən 1 571 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 222 müəllim fəxri fərmanla təltif edilib.

Komissiya sədri qeyd edib ki, 2013-2014-cü tədris ili üzrə qəbul imtahanlarında 620 mindən çox insan imtahandan keçirilib: "Bu imtahanları idarə etmək üçün təkcə TQDK-nın mərkəzi aparatının 100 nəfər və regional bölmənin işçilərindən isə 26 nəfər bu işin öhdəsindən gələ bilməzdilər. Prosesi həyata keçirmək üçün müəyyən idarəetmə üsulu qurulub. İmtahan prosesini yalnız TQDK deyil, ictimaiyyət idarə edir".

Bütün xəbərlər Facebook səhifəmizdə