Təhsil Nazirliyi keçən il 200-dək diplomu tanımayıb

Təhsil Nazirliyi keçən il 200-dək diplomu tanımayıb

"2013-cü ildə 200-dək diplom Təhsil Nazirliyi tərəfindən nastrifikasiya (tanınma) prosesindən keçməyib". Bu barədə SİA-ya açıqlamasında Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib. Onun sözlərinə görə, bu diplomlar xaricdə təhsil alan bakalavr və magistrlara aiddir.

Xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının Azərbaycanın Təhsil Nazirliyi tərəfindən nastrifikasiya prosesindən keçməsi məsələsinə aydınlıq gətirən Cəsarət Valehov qeyd edib ki, hər hansı bir universitetin mənsub olduğu ölkə tərəfindən qeydiyyatı və təsisçiliyi varsa, qanuni yollarla fəaliyyət göstərirsə və Azərbaycandan həmin universitetdə təhsil almaq üçün gedən şəxs həqiqətən də tədris ili müddətində vaxtaşırı təhsillə məşğul olursa, onun bilikləri təhsil aldığı ali məktəb tərəfindən müvafiq olaraq qiymətləndirilirsə, o zaman həmin şəxslər qanunlar çərçivəsində biliklərinin ekvivalenti olaraq aldıqları diplomlarını Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq şöbəsinə təqdim etməlidir: "Son nəticə olaraq həmin diplomun dövlət qurumu tərəfindən araşdırılma aparıldıqdan sonra tanınma sənədləri hazırlanır və diplom Azərbaycanda tanınır. Ukrayna, Gürcüstan, Böyük Britaniya və dünyanın digər ölkələrinin ali təhsil ocaqlarının diplomlarının Azərbaycanda tanınması imkanı var. Lakin bəzi tələbələr xarici ölkələrin ali təhsil müəssisələrinə bir qəbul olduqları il sənədlərini təsdiqlətmək, bir də universiteti bitirdikdən sonra diplomu almaq üçün gedirlər. Təbii ki, bu şəxslərin diplomları Azərbaycanda tanınmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə