Səməd Seyidov: “Bu gün 20 Yanvar faciəsini millətin ən yüksək zirvəsi kimi anırıq”
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar faciəsinin 24-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, Universitetin tələbəsi olan 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin adını daşıyan açıq muzeyin qarşısında keçirilən tədbiri giriş sözü ilə açan ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov 1990-cı il 20 Yanvar hadisələrindən 24 il keçdiyini bildirərək bu tarixin Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olduğunu bildirib.
Hadisələri canlı yaşadıqlarını söyləyən ADU rektoru tədbirdə iştirak edən tələbələrin böyük əksəriyyətinin həmin hadisələr haqqında kitablardan, arxivlərdən öyrəndiklərini nəzərə çatdırıb. Rektor S.Seyidov ADU-nun tələbəsi olan 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin adına yaradılan açıq muzeyin önündə toplaşan gəncliyi onun kimi cəsur, vətənpərvər görmək istədiyini deyib. Ülvi Bünyadzadənin bundan sonra da, onilliklər, yüzilliklər boyu universitetdə əbədi iz qoyduğunu və bu şərəfli, qısa ömür yolu ilə Azərbaycan tarixinə yazıldığını bildirib.
O deyib ki, bəzən 20 Yanvar hadisələrini "Qara gün", "faciə" adlandırırlar: "Əgər 24 il əvvəl bu hadisələr hüzn günü, faciə kimi dəyərləndirilirdisə, bu gün o hadisələri xatırlayanda bu faciəni millətin ən yüksək zirvəsi kimi anırıq".
24 il bundan əvvəl Azərbaycan xalqının xalqlar içərisində ən yüksək mərhələyə çatdığını qeyd edən S. Seyidov xalqın 20 Yanvar tarixini şərəf tarixinə çevirdiyini xatırladıb: "Müstəqilliyi əldə etmək çətin, qorumaq ondan da çətindir. Müstəqilliyi qorumağın da ən əsas şərtlərindən biri tarixi yaddaşı qorumaqdır. Tarixi yaddaşı olmayan millət, öz qəhrəmanlarını xatırlamayan millət, gənclərini öz qəhrəmanları ilə formalaşdırmayan millət dünyada yaşamaq haqqını qazana bilməz".
20 Yanvar hadisələri barəsində danışan ADU-nun İngilis dilinin leksikologiyası kafedrasının müdiri, professor Fikrət Cahangirov bildirib ki, Azərbaycan xalqı müstəqilliyi igid övladlarının qanı bahasına qazanıb.
Tədbirin davamında çıxış edənlər bildiriblər ki, 20 yanvar faciəsi haqqında danışmağın həm asan, həm də çətindir
Qeyd edək ki, tədbirdən əvvəl universitetin müəllim-tələbə heyəti Şəhidlər Xiyabanını, o cümlədən universitetin tələbəsi olmuş Ülvi Bünyadzadənin məzarını ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB