Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasının konfrans zalında 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan ATU-nun rektoru Əhliman Əmiraslanov qanlı Yanvar faciəsinin ömürlük Azərbaycanın qəhrəmanlıq salnaməsinə həkk olunduğunu bildirib: "Ölkəmizin azadlığı, Azərbaycanın müstəqilliyi uğrunda küçələrə çıxmış insanlara qarşı dəhşətli vəhşiliklər törədildi. ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxarıb. Həmin günlərdə Azadlıq mücadiləsinə qalxmış xalqın iradəsini qırıb imperiyanı saxlamaq istəyirdilər. Amma xalqın iradəsi, mərdliyi sayəsində bu planlarını reallaşdırmaq mümkün olmadı".
Tədbirdə çıxış edən ATU-nun ictimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev 20 Yanvar faciəsi ərəfəsində ölkənin siyasi və ictimai həyatında baş verən hadisələri xatırladıb. Onun sözlərinə görə, həmin dövrdə ölkə rəhbərliyi xalqın istəyinə məhəl qoymadan, hələ də SSRİ rəhbərliyinin əmrlərini yerinə yetirirdi: "Bu da faciəyə gətirib çıxartdı. O insanlar nəyə nail oldular? İnsanlar arasında qorxunu öldürdülər. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar".
Anım tədbirində daha sonra Tədris-Cərrahiyyə Klinikasının direktoru, dosent Hacıqulu Bağırov, Ümumi Cərrahiyyə kafedrasının professoru Cabbar Hacıyev çıxış edərək 20 Yanvar hadisələrinə ekskurs ediblər.
Sonda ATU-nun II müalicə-profilaktika fakültəsinin ikinci kurs tələbəsi Xatun Məmmədova qanlı Yanvar olayları ilə bağlı mühazirə ilə çıxış edib. Toplantı iştirakçıları ölkə müstəqilliyi uğrunda şəhid olanların xatirəsini yad ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB