100 ingilis dili müəlliminin sertifikatlaşdırılmasına start verildi

100 ingilis dili müəlliminin sertifikatlaşdırılmasına start verildi

Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyinin, MicrosoftKorporasiyası, Mədəd Azərbaycan və British Council təşkilatının birgə əməkdaşlığı ilə "İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikatlaşdırılması" layihəsinin açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mərasimdə çıxış edən Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov bildirib ki, layihənin məqsədi ingilis dili müəllimlərinin peşəkarlıq fəaliyyətinin yüksəldilməsi, eyni zamanda Azərbaycanda ilk dəfə olaraq 100 ingilis dili müəlliminin sertifikatlaşdırılmasından ibarətdir. Onun sözlərinə görə, layihənin ilkin mərhələsinə 100 ingilis dili müəllimi cəlb olunsa da, növbəti mərhələlərdə bu iş davam etdirilməklə, say 300 nəfərə çatdırılacaq: "Ölkə başçısı tərəfindən təsdiq olunmuş Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında müəllimlərin peşəkarlığının inkişafı sahəsində davamlı sistemin yaradılması nəzərdə tutulub. Məhz bu gün başlayan layihə həmin strateji hədəfə çatmaq istiqamətində atılan addımlardan biridir".

"British Council" təşkilatının Avropa üzrə regional direktoru Maykl Börd isə mərasimdə çıxışında qeyd edib ki, Azərbaycanın milli təhsil strategiyasına görə, hökumətin məqsədi təhsil standartlarının inkişafına təkan verməkdir: "Azərbaycanda ingilis dilinə böyük tələbat var. Bizim isə prioritet istiqamətlərimizdən biri ölkənizdə ingilis dilinin tədrisi və genişləndirilməsidir. Bu layihə gələcəkdə Gürcüstanda və Orta Asiya ölkələrində də keçiriləcək".

Layihə barədə məlumat verən "Mədəd Azərbaycan" təşkilatının direktoru Vüsal Xanlarov bildirib ki, müəllimlərin sertifikatlaşdırılması eyni zamanda onların motivasiyasının artırılmasına da xidmət edəcək: "Layihə İştirakçıların seçilməsi, onlayn əməkdaşlıq, peşəkar inkişaf, dəstək və sertifikasiya və layihənin miqyaslaşması planı olaraq 4 mərhələli şəkildə keçiriləcək".

Mərasim öncədən müəyyən olunmuş layihələrin təqdimatı ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə