Sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərin taleyi müəyyənləşdi DİQQƏT

Sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərin taleyi müəyyənləşdi DİQQƏT

"Azərbaycanda fəaliyyət göstərəcək 150 mindən çox müəllimin hər biri ilk olaraq könüllü, daha sonra isə məcburi şəkildə Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin sertifikatlaşdırılması layihələrində iştirak edəcək və sertifikatla təmin olunacaq". SİA-nın xəbərinə görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov müəllimlərin sertifikatlaşdırılması məsələsinə aydınlıq gətirərkən belə deyib.

Onun sözlərinə görə, hazırda Təhsil Nazirliyi müəllimlərin sertifikatlaşdırılması sahəsində beynəlxalq təcrübəni öyrənir və bu sahədə mexanizmin hazırlanmasına başlanılıb: "Düşünürük ki, Azərbaycanda təhsil sahəsində aparılan islahatların taleyi məhz müəllimlərin fəaliyyətindən birbaşa asılıdır. Bu mənada hazırda məktəbdə işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların peşəkarlıq göstəricisi olan sertifikatlaşdırma prosesinə başlanması Təhsil Nazirliyinin ciddi diqqət yetirdiyi məsələlərdən biridir. Bu sahədə mexanizm hazır olduqdan sonra ilkin mərhələdə müəllimlərin məhz savadının hansı səviyyədə olması müəyyənləşəcək, daha sonra onlara təlimlərin keçirilməsi nəzərdə tutulub. Sertifikatlaşdırma ölkədə müəllimlərin nə dərəcədə peşəkar fəaliyyət üçün yararlı olmasını da aşkara çıxaracaq. Bu prosesdə müəllimlərin ehtiyacları da müəyyənləşəcək. Sertifikatlaşmanın nəticəsi onların əməkhaqqına, fəaliyyətinin stimullaşdırılmasına, məhz diferensial, səriştə və nəticə əsaslı əmək haqqı sisteminin Azərbaycanda formalaşmasına şərait yaradacaq".

Şöbə müdiri sertifikatlaşdırma prosesində qənaətbəxş nəticə əldə etməyən müəllimlərin taleyi barədə də məlumat verib: "İlkin mərhələdə nəzərdə tutulub ki, müəyyən müddətdə sertifikatlaşdırma könüllülük prinsipi əsasında həyata keçirilsin. Sonra isə bu məcburi əsaslarla baş tutacaq. Sertifikatlaşdırmada qənaətbəxş nəticə göstərməyən müəllimlərlə də bağlı proqram olacaq. Bu proqramda onların ixtisasının dəyişdirilməsi, başqa sahələr üzrə yenidən təhsil alması və eyni zamanda uyğun digər vəzifələrə keçirilməsi məsələlərinə də baxılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə