"ADA" Universitetinin yaradılmasının səbələri açıqlandı Rəsmi

"ADA" Universitetinin yaradılmasının səbələri açıqlandı Rəsmi

Bu gün Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Diplomatik Akademiyası və İnformasiya Texnologiyaları Universitetinin əsasında, Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən "ADA" Universitetinin yaradılması ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransda çıxış edən "ADA" Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, Akademiyanın Universitet statusu alması ADA-ya yeni ixtisaslar, proqramlar, fakültələr yaratmaq və bununla da Azərbaycanın və regionun inkişafına töhfə verəcək savadlı kadrların hazırlanması istiqamətində atılmış addımdır.

Rektorun sözlərinə görə, İnformasiya Texnologiyaları Universitetinin təsis olunmasından öncə ADA-nın tərkibində bu sahə üzrə "Mühəndislik və İnformasiya Texnologiyaları" fakültəsi yaradılıb: " "ADA" brendi artıq bir sıra inkişaf etmiş ölkələr tərəfindən tanınır, biz bu brendi itirməmək və bir sıra sahələr üzrə kadr hazırlamaq məqsədilə "ADA" Universitetini yaratdıq. Hazırda universitetin tərkibində yaradılan "Mühəndislik və İnformasiya Texnologiyaları" fakültəsində isə tədris olunan fənlərin müasir tələblərə cavab verməsi üçün bir sıra xarici ölkələrin tanınmış universitetləri ilə müqavilələr bağlamışıq. Bu fakültədə təhsil alan tələbələrə birinci kursda İngilis dili, ikinci kursda ümumi fənlər, növbəti kurslarda isə yalnız öz fənləri üzrə tədris keçiriləcək. Ötən il aparılan qəbul imtahanlarının yekunlarına əsasən sözügedən fakültəyə 60 bakalavr qəbul olunub. İnformasiya Texnologiyaları Universitetinin hesabına isə əlavə olaraq 60 bakalavr qəbul olunub və ADA-ya göndərilib. Gələcəkdə isə İnformasiya Texnologiyaları Universitetinin təsis edilməsinə start veriləcək".

Konfrans mətbuat nümayəndələrinin suallarının cavablandırılması ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə