Fərzəli Qədirov: "Müəllimlər pensiyaya çımaq istəməməkdə haqlıdır"
"Əməyin qiymətləndirilməsi sisteminin layiqli formalaşdırılması müəllimlərin nəticələri və kompitensiyası əsasında nəzərdə tutulub". SİA xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov belə deyib.
Onun sözlərinə görə, müəllimlərin əməyinin qiymətləndirilməsi məsələsinə təhsilin inkişafı üzrə dövlət strategiyasında da xüsusi diqqət yetirilib: "Təhsil Nazirliyi tərəfindən müəllimin həftəlik neçə saat dərs yükünün olmasından asılı olmayaraq, layiqli əməkhaqqı alması planlaşdırılır. Ölkədə müəllimlərin əməkhaqqı beynəlxalq səviyyəyə çatacaq. Lakin bu proses mexaniki şəkildə aparılmayacaq, yəni bütün müəllimlərin əməkhaqqı birdən-birə artırılmayacaq. Misal olaraq deyə bilərəm ki, qonşu Gürcüstan Respublikasında artıq neçə ildir ki, könüllülük prinsipi əsasında müəllimlərin sertifikatlaşdırılması həyata keçirilir. Belə ki, müəllimlər öz müraciəti əsasında sertifikatlaşdırmadan keçir, onlar üçün peşəkar səviyyələr müəyyənləşir. Peşəkar səviyyələr dedikdə isə müəllimin kompitensiyaları, dünyagörüşü, məntiqi, pedaqoji-psixoloji xüsusiyyətləri, öz ixtisasını bilmə səviyyəsi, xarici dil və İKT bacarıqları və s. nəzərdə tutulur. Müəllimin bu səviyyələr üzrə göstərdiyi nəticələrə uyğun olaraq onun əməkhaqqısı müəyyənləşdirilir. Xarici dil bacarığı dedikdə, burada təkcə ingilis dilini tədris edən müəllimlər nəzərdə tutulmur. Hər bir müəllimin xarici dili bilmə və tədris etmə bacarığı sertifikatlaşdırmada müəyyən olunacaq. Nəticədə peşəkar səviyyəsi yüksək olan müəllim digər müəllimdən hədsiz dərəcədə yüksək məbləğdə əməkhaqqı alacaq və bununla da müəllimin əməyi qiymətləndiriləcək. Gələcəkdə bu proses könüllü olaraq aparılsa da, müəyyən müddət sonra sertifikasiya məcburi olaraq həyata keçiriləcək. Müəllimlər bu sertifikatlaşdırmadan keçməklə layiqli əməkhaqqı alacaqlar".
Pensiya yaşının irəli çəkilməsi məsələsinə gəlincə Fərzəli Qədirov bildirib ki, hazırda bu məsələdə yaş həddi 65-dir: "Lakin heç kim 65 yaşı tamam olduqdan sonra məktəbdən getmək istəmir. Nazirliyə çox sayda şikayətlər və müraciətlər daxil olur ki, mənim 65 yaşım olsa da, işdən çıxmaq istəmirəm. Bəlkə də bu müraciətlərdə haqq var. Çünki hazırda müəllimin güclü pensiya təminatı yoxdur. Əgər onun güclü pensiya təminatı olsa, o 65 yaşına çatıb, pensiyaya çıxmaq istəyər. Lakin strategiyada nəzərdə tutulan əməkhaqqı və mükafatlandırma sistemi işə düşəndən sonra hesab edirik ki, 65 yaşı tamam olan müəllimlər hər ay pensiya almağa həvəslə gedəcəklər. Çünki pensiya onun işlədiyi müddətdə aldığı əməkhaqqının davamı olacaq. Bu sistemdə tətbiq edilən qaydalar sistemdən sonra da müəllimlərin rifahını nəzərə alacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB