Təhsil Nazirliyi media nümayəndələri ilə birgə ilk səfərini İsmayıllı rayonuna təşkil edib. SİA xəbər verir ki, səfərdə Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, media nümayəndələri və təhsil sahəsində çalışan şəxslər iştirak edib. Səfər çərçivəsində İsmayıllı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyi tərəfindən 200-ə yaxın təhsil işçisinin və ictimaiyyət nümayəndəsinin iştirakı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan hədəflərin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə təhsilin inkişaf prioritetləri və keyfiyyətin təmin edilməsi, həmçinin təhsilin məzmun islahatları, müəllim əməyinin diferensial qiymətləndirilməsi, bölgələrin təhsil ocaqlarında istifadə olunan dərsliklər və bu sahədə çatışmazlıqlar, müəllimlərin karyera inkişafı və digər məsələlər müzakirə olunub, tədbir iştirakçıları və media nümayəndələri tərəfindən nazirliyin müvafiq şöbələrinə ünvanlanmış suallar cavablandırılıb.
Təhsil Nazirliyinin kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Cəsarət Valehov tədbirdə çıxışında bildirib ki, nazirlik media nümayəndələri ilə birgə Azərbaycanın bölgələrinə davamlı olaraq səfərlər təşkil edəcək: "Bu səfərlərdə yaxşı müəllimlərlə və məktəblərlə, eyni zamanda bölgələrin təhsil sahəsində mövcud olan problemlərlə tanış olmaq imkanı yaranacaq. Səfərlərdə əldə etdiyimiz məlumatlar, ictimaiyyət tərəfindən səsləndirilən təkliflər toplanacaq və strategiyanın fəaliyyət planının hazırlanmasında nəzərə alınacaq".
Səfər çərçivəsində jurnalistlər İsmayıllı rayonunun Lahıc qəsəbəsinin orta məktəbində də olub. İlk baxışdan jurnalistlərdə qarla və buzla örtülmüş yolların aparacağı təhsil ocağında həm müəllimlərin, həm də şagirdlərin bilik səviyyəsinin o qədər də yüksək olmayacağı təsəvvürü yaratsa da, məktəblə tanışlıq zamanı təhsil ocağının istifadəsinə verilmiş iki "ağıllı lövhə"nin olması, müəllimlərin və şagirdlərin informasiya texnologiyaları ilə təmin olunması, "İbtidai sinif kabineti", "Riyaziyyat kabineti", "Fizika Kabineti", "Kimya kabineti", "Biologiya Kabineti", "Tarix kabineti", "Gənclərin çağırışa qədər hazırlıq kabineti"nin mövcudluğu və müvafiq kabinetlərdə lazımi avadanlıqlarla təchiz olunmuş lobarotoriyaların olması ilkin təsəvvürləri alt-üst etdi. Tanışlıq zamanı məlum olub ki, adıçəkilən məktəb cari ildə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Elektron təhsil" Respublika müsabiqələrinin qalibi seçilib. Məktəbin 26 ildir ki direktor vəzifəsində çalışan Hikmət Haqverdili ölkə rəhbərinin sərəncamı ilə "Respublikanın Əməkdar müəllimi" fəxri adına layiq görülüb. Həmçinin məktəbin fizika müəllimi Rövşən Əliyev isə "Azərbaycan Respublikasının əməkdar müəllimi" və 2009-2010-cu tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi adına layiq görülüb.
Sonda media nümayəndələri bir neçə orta məktəbin tədris prosesi, təhsilin müasir üsullarla şagirdlərə aşılanması ilə yaxından tanış olublar.

.jpg)





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB