Fərzəli Qədirov: "Kolleclərində müəlim hazırlığı məhdudlaşdırılıb"

Fərzəli Qədirov: "Kolleclərində müəlim hazırlığı məhdudlaşdırılıb"

"Son illər Azərbaycan kolleclərində müəlim hazırlığı məhdudlaşdırılıb. Bundan sonra Təhsil Nazirliyi bu işlə daha ciddi məşğul olmaq fikrindədir". SİA xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, son illər nazirlik tərəfindən müəllimlərin işə qəbulu həyata keçirilir. Şöbə müdiri qeyd edib ki, ötən il 20 minə yaxın müəllim mərkəzləşmiş müsabiqədə iştirak edib və onun xeyli hissəsi kollecləri bitirən məzunlar olub: "Lakin onlardan yalnız barmaqla sayılacaq qədər məzun işə qəbul olunub. Bu bizə kolleclərdə müəllim hazırlığının keyfiyyətinin qənaətbəxş olmadığını deməyə əsas verir. Beynəlxalq təcrübədə də kollec səviyyəsində müəllim hazırlanmır. Müəllimlər yalnız ali təhsil, hətta bəzi ölkələrdə magistratura səviyysəində hazırlanır. Dövlət Strategiyası çərçivəsində kolleclərdə müəllim hazırlığının tamamilə məhdudlaşdırılması və yalnız ali təhsil səviyyəsində hazırlanması qarşıda duran əsas vəzifələrdən biridir".

"Hazırda bakalavr təhsili 4 ildir və müəllim bu illəri başa vurduqdan sonra mütəxəssis kimi məktəbdə fəaliyyət göstərə bilər. Bu müddətin 3 ili müəllimlərin pedaqoji sahə üzrə nəzəri biliklər əldə etməsi üçün nəzərdə tutulub. Son bir ildə isə bakalavrlar məktəblərdə müəllim kimi fəaliyyət göstərə bilər. Hətta fikrimiz var ki, ehtiyac olan ucqar kənd məktəblərinə də müəllimlər göndərilsin və orada işləsinlər. Təcrübə mübadiləsi sayəsində gənc müəllimlər peşəkar təcrübi bacarıqlar əldə edərək, məktəbə hazırlıqlı müəllim kimi gəlsinlər"- deyə, Fərzəli Qədirov sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə