“İlin ən yaxşı tələbəsi” mükafatlandırıldı

Bu gün Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkil etdiyi "İlin ən yaxşı tələbəsi" müsabiqəsinin yekun mükafatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə universitetin rektoru, müəllim və tələbə heyəti iştirak edib.

İlk olaraq çıxış edən universitetin rektoru Abel Məhərrəmov bildirib ki, "İlin ən yaxşı tələbəsi" müsabiqəsi 7 ildir ənənəvi olaraq təşkil okunur: "Əsas məqsəd tələbələrin tədris göstəricilərini daha da yüksəltmək, elmi dünyagörüşlərini və intellektual səviyyələrini artırmaq, intizamlı, vətənpərvər olmağa sövq etməkdir. Müsabiqədə qalib olmaq üçün iştirakçı tələbə sadalanan müsbət keyfiyyətlərlə yanaşı həm pedoqoji heyətin, həm də tələbə yoldaşlarının rəğbətini qazanmalı, ictimai aktiv bir şəxs kimi tanınmalıdır". Rektor onu da qeyd edib ki, bu gün həm də ölkə başçısı İlham Əliyevin doğum günüdür: "Əgər fikir vermiş olsaq görərik ki, Prezident çox vaxt öz ad gününü daima xalqın yanında qeyd edir. Universitetimizin adından dövlət rəhbəri İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edirik".

Universitetin Tələbə Həmkarlar Təşkilatının sədri Daşqın Qənbərov isə qurumun bu günə qədər gördüyü işlər barədə tədbir iştirakçılarına geniş məlumat verib. Onun sözlərinə gərə, gənclərin sağlam inkişafı Tələbə Həmkarlar Təşkilatının əsas məqsədlərindən biridir: "Milli mənəvi dəyərlərin qorunması istiqamətində bir sıra tədbirlər həyata keçirir. Bugünkü müsabiqə 2 turdan ibarətdir. I turda sorğu anketləri vasitəsi ilə bütün tələbələr iştirak edir və sadalanan müsbət keyfiyyətləri özündə cəmləşdirən namizədlərin adlarını anketlərdə qeyd edirlər. Namizədlər BDU tələbələri həmkarlar təşkilatı tərəfindən yoxlanılır və II tura vəsiqə qazanır. II tur isə virtual aləmdə açıq səsvermə ilə keçirilir və ən çox səs toplayan tələbə qalib sayılır. Qaliblər rektorun əmri ilə şəxsi işlərində müvafiq qeydiyyat aparılmaqla diplom və döş nişanı ilə təltif olunur".

Çıxışların ardınca "İlin ən yaxşı tələbəsi" mükafatlarının qalibləri diplomlarla təltif olunublar.

Qeyd edək ki, bu il qaliblərin sayı 187 nəfər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...