Polşanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub

Polşanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində olub

Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixal Labenda Bakı Ali Neft Məktəbində olub. SİA-ya verilən məlumata görə, qonağı Bakı Ali Neft Məktəbində görməkdən məmnunluğunu ifadə edən rektor Elmar Qasımov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin son illər keçdiyi inkişaf yolundan danışıb. O, şirkətin Azərbaycanda və ölkədən kənarda həyata keçirdiyi layihələr barədə ətraflı söz açıb. Elmar Qasımov bir neçə gün öncə dekabrın 17-də Bakıda imzalanan "Şahdəniz2" layihəsi üzrə yekun investisiya sazişinin Azərbaycan və Avropa üçün əhəmiyyəti haqqında ətraflı məlumat verib. O bildirib ki, bu layihə dünyanın ən iri enerji layihələrindən biridir. Təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın düzgün neft strategiyası haqqında danışan Elmar Qasımov qeyd edib ki, bu gündə bu yol Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. "Şahdəniz 2" layihəsini əsrin müqaviləsi adlandıran rektor bildirib ki, bu layihələrdə işləyə biləcək yüksəkixtisaslı kadrların yetişdirilməsi də dövlətimizin qarşısında duran vacib məsələlərdən biridir. Bu səbəbdən ölkədə aparılan təhsil islahatlarından danışan rektor vurğulayıb ki, BANM-nın yaranmasında əsas məqsədlərdən biridə müasir standartlara cavab verən, yüksəkixtisaslı kadrların yetişdirilməsidir.

Azərbaycan və Polşa Respublikaları arasında tarixən isti münasibətlərin olduğunu qeyd edən rektor bildirib ki, bu gündə bu münasibətlər yüksək səviyyədə inkişaf edir. Azərbaycanda ilk dəfə sənaye üsulu ilə neftin çıxarılmasında və dənizin qurudulması üsulunun tətbiq olunmasında polşalı mühəndislərin əməyini yüksək qiymətləndirən Elmar Qasımov mühəndislik ixtisasının Polşada önəm verilən sahələrdən biri olduğunu söyləyib.

Daha sonra rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edib, qısa müddət ərzində bu istiqamətdə görülən işlər haqqında məlumat verib və Şərqi Avropanın ən qədim universitetlərindən olan Polşanın AGH (Elm və Texnologiyalar Akademiyası) əməkdaşlıq əlaqələrinin qurulmasının xüsusi maraq kəsb etdiyini vurğulayıb.

Səfir Mixal Labenda bildirib ki, Azərbaycan və Polşa dost dövlətlər olmaqla yanaşı eyni zamanda bir çox sahələrdə yaxın müttəfiq dövlətlərdir. İnkişaf edən Azərbaycanda beynəlxalq standartlara cavab verən belə bir ali məktəbin yaradılmasının sevindirici hal olduğunu qeyd edən səfir, Bakı Ali Neft Məktəbi ilə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə və Polşa Respublikasının müxtəlif texniki ali məktəbləri ilə əlaqələr qurulması üçün vacib olan dəstəyi verməyə hazır olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə