İsmayıllıda “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” müzakirə olunur
Bu gün İsmayıllı rayon Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çərçivəsində dəyirmi masa keçirilir. SİA xəbər verir ki, tədbirdə Təhsil Nazirliyinin rəsmiləri ilə yanaşı İsmayıllı, Qəbələ, Göyçay və Ağsu rayonunun təhsil işçiləri iştirak edirlər. Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, "Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası" cari ilin 24 oktyabr tarixində Prezident İlham Əliyev tərəfindən təsdiq olunub. Sektor müdirinin sözlərinə görə, strategiyanın müzakirəsi ilə bağlı regionlarda müxtəlif tədbirlər, dəyirmi masalar keçiriləcək və burada müxtəlif məsələlər müzakirə olunacaq.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Fərzəli Qədirov bildirib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" çox əhəmiyyətli sənəddir. O qeyd edib ki, nazirlik hökumətlə birgə adıçəkilən sənədin icrası ilə bağlı plan hazırlayır: " "Dəyirmi masa"larda müzakirə edilən məsələlər və irəli sürülən təkliflər Təhsil Nazirliyi üçün mühüm əhəmiyyət daşıyır və bu məsələlərin həlli istiqamətində lazımi addımlar atılacaq: "Qeyd olunan sənəddə müəllimlərin peşəkar inkişafı ilə bağlı çox ciddi məsələlər nəzərdə tutulub".
Təhsil Nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov isə qeyd edib ki, İsmayıllı rayonunda təhsildə yüksək nəticələr əldə olunub, yaxşı məktəblər, müəllimlər və şagirdlər var. Şöbə müdiri əlavə edib ki, İsmayıllı rayonun şagirdlərinin qəbul və buraxılış imtahanlarında göstərdikləri nəticələr qənaətbəxşdir.
Qeyd edək ki, tədbirdə Dövlət Strategiyasında nəzərdə tutulan məsələlər, müəllimlərin inkişafı, müəllimlərin məktəblərdən ayrılmadan peşəkarlığının artırılması, müəllimlərin sertifikatlaşdırılması, müəllim fəaliyyətinin qiymətləndirilməsi sisteminin yaradılması, məktəb direktorlarına tələblər, onların rotasiyası və digər məsələlər müzakirə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB