Bu gün "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi Bakı Dövlət Universiteti ilə birgə görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin 105 illiyinə həsr edilmiş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlu, BDU-nun rektoru, millət vəkili, akademik Abel Məhərrəmov, Milli Məclisin deputatı Nizami Cəfərov, akademik Vasim Məmmədəliyev, professorlar Şirindil Alışanlı, Şamil Vəliyev, ədibin qızı BDU-nun kafedra müdiri Əbidə xanım Paşayeva, elm və mədəniyyət xadimləri, media nümayəndələri və başqaları iştirak ediblər.
BDU-da keçirilən tədbiri giriş sözü ilə açan universitetin rektoru Abel Məhərrəmov layihənin əhəmiyyətindən və Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatına, eləcə də, ədəbiyyatşünaslıqda olan mövqeyindən bəhs edib, onun həm bədii, həm də elmi əsərlərinin qiymətli xəzinə olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlu görkəmli yazıçı və alim Mir Cəlal Paşayev haqqında fikirlərini ifadə edib, eyni zamanda belə bir tədbirin keçirilməsinə şərait yaratdığına görə, BDU-nun rektoru, akademik Abel Məhərrəmova minnətdarlığını bildirib.
Daha sonra Həbib Misirov "Aşıq Şəmşir" Mədəniyyət Ocağı mütəmadi olaraq Azərbaycanın görkəmli xadimlərinin irsinin öyrənilməsi və təbliği ilə bağlı layihələr həyata keçirildiyini bildirib: "Belə layihələrdən biri də görkəmli nasir, ədəbiyyatşünas alim, pedaqoq Mir Cəlal Paşayevin irsinin öyrənilməsi və gənc nəslə çatdırılmasıdır. Mir Cəlal Paşayev müasi Azərbaycan ədəbiyyatının bünövrəsini qoyanlardan biri olub. O, Azərbaycan ədəbiyyatının inkişafı və məzmunca zənginləşməsində mühüm rol oynayıb "YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş, yubileylərin keçirilməsi haqqında" Azərbaycan Prezidentinin 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən, yazıçı Mir Cəlal Paşayevin 100 illik yubiley mərasimi təntənə ilə qeyd edilib".
Nəzərinizə çatdıraq ki, "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi noyabr ayında BDU-nun tələbə və magistrantları arasında "Mir Cəlal görkəmli yazıçı və ədəbiyyatşünas kimi" mövzusunda məqalə müsabiqəsi elan edib. Ötən müddət ərzində müsabiqəyə 80-ə yaxın məqalə təqdim olunub. Həmin məqalənin 13-ü seçilmiş və məqalə müəllifləri müsabiqənin qalibləri kimi müəyyən edilib və onlara İctima Birlik adından diplom və pul mükafatları təqdim olundu. Birinci yerə Jalə Abdullayeva, ikinci yerə Nihal Qüdrətli, üçüncü yerə isə Anar Fərəcov layiq görülüb.
Qeyd edəək ki, sonda Mir Cəlal Paşayevin həyat və yaradıcılığına aid video çarx təqdim olunub.
Foto Şiraslan Vəliyevə məxsusdur:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB