Doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransı keçirilir YENİLƏNİB
Azərbaycan Dillər Universitetində doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransı keçirilir. SİA xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramovun sözlərinə görə, bu gün Azərbaycan universitetlərinin təhsildə keyfiyyətə təminat verən, elmin son nailiyyətlərini özündə əks etdirən, rəqabət qabiliyyətli mütəxəssis hazırlığını təmin edən təhsil, tədqiqat, innovasiya mərkəzi kimi fəaliyyət göstərməlidir, mütəxəssis hazırlığını beynəlxalq standartlara və dövrün tələblərinə uyğunlaşdırmalıdır. Nazir müavini bildirib ki, bunun üçün Azərbaycan ali təhsil müəssisələrində elmi-infrastrukturu, kifayət qədər elmi-potensialı var: "Respublikada çalışan elmlər doktorlarının 59,5%-i, fəlsəfə doktorlarının 62,9%-i, Azərbaycan Milli Elmlər Akademiyasının 50-dən artıq həqiqi və müxbir üzvləri məhz ali təhsil sistemində çalışır. Universitetlərdə dövlət büdcəsindən maliyyələşən elmi-tədqiqat institutları, mərkəzləri və laboratoriyaları fəaliyyət göstərir. Bütün dünyada olduğu kimi Azərbaycanda da elmi-tədqiqat işlərinin maliyyələşməsi həm dövlət büdcəsi, həm də bir sıra fondlar, o cümlədən beynəlxalq fondların proqramları çərçivəsində həyata keçirilir. Hazırda təhsil sistemində çalışan alimlər beynəlxalq fondlar tərəfindən elan olunan 52 proqramda iştirak edir, proqram çərçivəsində ayrılan qrantlar onların əlavə maliyyələşməsinə imkan yaradır. Ölkədə elmin maliyyələşməsinin yeni mexanizmi tətbiq olunub və bunun həyata keçirilməsi məqsədilə elmin inkişafı fondu yaradılıb".
Ceyhun Bayramov qeyd edib ki, hazırda Azərbaycanda nəşr olunan 400-ə yaxın elmi jurnal və mətbuat Azərbaycan respublikası ali attestasiya komissiyası tərəfindən dissertasiyaların əsas elmi nəticələri dərc olunması tövsiyə olunan elmi nəşrlərin siyahısına daxil edilib.
ADU-nun rektoru Səməd Seyidov isə konfransda çıxışında bildirib ki, bu kimi tədbirlərin keçirilməsi doktorantların fəaliyyətinə yeni imkanlar yaradır: "Universitetdə təşkil olunan konfransa 28 ali məktəbdən 425 məruzə daxil olub. 2 gün ərzində doktorantlar və gənc tədqiqatçılar müxtəlif bölmələrdə məruzələrlə çıxış edəcək, fikir mübadiləsi aparacaq".
Rektorun sözlərinə görə, artıq ADU dünyanın bütün aparıcı ali məktəbləri ilə ikitərəfli əlaqələr yaradıb, kadr mübadiləsi həyata keçirir: "Universitetimiz qısa müddətdə Avropa təşkilatları tərəfindən 2-ci dəfə qrant əldə edərək 4 il ərzində 2 milyon 600 min avronu Azərbaycana gətirib. Bu məbləğ ADU-nun, Lənkəran Dövlət Universitetinin, Gəncə Dövlət Universitetinin, Naxçıvan Dövlət Universitetinin birlikdə 450 professor-müəllim heyətinin xaricdə praktika keçməsinə səbəb olub".
Ali təhsil müəssisələrinin rektorları da çıxış edərək doktorantura sahəsində mövcud uğurlar və problemlər barədə fikirlərini bölüşüblər.
Qeyd edək ki, Doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransı dekabrın 20-dək davam edəcək və yekun sənədin qəbul edilməsi ilə başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB