ADU-da XVIII Respublika elmi konfransı öz işinə başlayıb

ADU-da XVIII Respublika elmi konfransı öz işinə başlayıb

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransı öz işinə başlayıb. SİA xəbər verir ki, konfransın keçirilməsində məqsəd doktorantların və gənc tədqiqatçıların elmin müxtəlif sahələrində əldə etdiyi nəticələri müzakirə etmək, onların elmi yaradıcılığını stimullaşdırmaqdır. İki gün davam edəcək konfransın açılış mərasimində ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Təhsil nazirinin müavini Ceyhun Bayramov və ali məktəb rektorları iştirak ediblər.

Konfransa 28 ali məktəbdən 425 məruzə daxil olub. Doktorant və gənc tədqiqatçılar "Riyaziyyat", "Fizika", "Kimya, kimya-texnologiya", "Bilologiya və kənd təsərrüfatı", "Tibb", "Geologiya, coğrafiya və ekologiya", "Mexanika və maşınqayırma", "Energetika və neft-qaz", "Avtomatika və informatika", "Tarix", "İqtisadiyyat", "Fəlsəfə, sosiologiya, politologiya", "Azərbaycan filologiyası", "Xarici ölkələrin filologiyası", "Hüquq və beynəlxalq münasibətlər", "Pedaqogika və psixologiya", "Memarlıq və inşaat", "Mədəniyyətşünaslıq" və "Musiqişünaslıq" bölmələrində məruzələrlə çıxışlar edəcək, fikir mübadiləsi aparacaqlar.

Doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfransı sabah ADU-nun Heydər Əliyev adına muzey-lektoriyasında bölmə rəhbərlərinin hesabatları və yekun sənədin qəbul edilməsi ilə öz işini başa çatdıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə